4 yaşlı uşaq anasının başsız bədənini qucaqlayıb... Sumqayıtda DƏHŞƏTLİ QƏTL

661
4 yaşlı uşaq anasının başsız bədənini qucaqlayıb... Sumqayıtda DƏHŞƏTLİ QƏTL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Elməddin Abışovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, qətl hadisəsi şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Ötən il aprelin 27-də 32 yaşlı Elməddin Abışov həyat yoldaşı, 23 yaşlı Elnarəni xüsusi amansızlıqla qətlə yetirib.

Qısqanclıq və qətl

Aprelin 27-də günorta saatlarında övladları həyətdə oynayarkən ər və arvad evdə mübahisə edib. Bu zaman Elməddin Abışov bıçaqla həyat yoldaşına bir neçə zərbə endirib.

Daha sonra onun boğazını bıçaqla üzərək öldüyünə tam əmin olub. Qatil ər birbaşa polis bölməsinə gedib.

Könüllü olaraq özünü istintaqa təqdim edən və törətdiyi əməllə bağlı məlumat verən Elməddin Abışov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona xəyanət etdiyini iddia edib.

Elməddin Abışov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə məlum olub ki, Elməddin Abışov cinayəti törədən zaman anlaqsız olub. İstintaq orqanı belə nəticəyə gəlib ki, Elməddin Abışov cinayəti törədən zaman Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb.

Məlumat üçün bildirək ki, həmin maddənin təsiri altına düşən şəxsin barəsində ittiham hökmü çıxarıla bilməz. Onun barəsində məhkəmə məcburi müalicə tətbiq etməlidir.

“Münasibətləri yaxşı olub”

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə mərhum Elnarə Abışovanın anası Sevil Canbaxışzadə ifadə verib. Məhkəmə onu zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıyıb.

Göz yaşları içində ifadə verən Sevil Canbaxışzadə deyib ki, qızını öldürən şəxs onun bacısı oğludur: “Mən qızımı bu şəxsə vermirdim. Qızımı qaçırıb, sonradan toyları oldu. Ailə qurandan sonra münasibətləri yaxşı olub. Onların birgə nikahlarından iki övladı da dünyaya gəlib”.

Sevil Canbaxışzadənin sözlərinə görə, hadisənin baş verməsinin səbəblərini dəqiq bilməyib: “Eşitdim ki, qızımı öldürüb, amma hadisənin hansı səbəbdən baş verdiyini bilməmişəm”.

“Nəvəm qızımın başı kəsilmiş bədənini qucaqlayıb”

Mərhumun anası qeyd edib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşə bilməz. Onun sözlərinə görə, Elməddin Abışovun özünü anlaqsız aparmasını, onda hər hansı bir qeyri-adi nəsə olmasını görməyib.

Sevil Canbaxışzadə qızının 4 yaşlı övladından da danışıb: “Elməddin qızımın başını kəsərək öldürüb. Qızımın 4 yaşlı övladı həmin hadisənin şahidi olub. Nəvəm qızımın başı kəsilmiş bədənini qucaqlayıb, qan içində olan anasını bu vəziyyətə kimin saldığını soruşub”.

Mərhumun anasının sözlərinə görə, bu hadisədən sonra 4 yaşlı uşağın psixikası pozulub.

Sevil Canbaxışzadənin sözlərinə görə, 4 yaşlı uşaq atasını özünə düşmən hesab edir: “4 yaşlı uşaq deyir ki, atam anamın qatildir, atamı öldürəcəm. Nəvəm hələ də özünə gələ bilmir, deyir ki, atamı da, özümü də öldürəcəm. Görün, bu azyaşlı uşağı hansı vəziyyətə salıb”.

“Onu öldürəcəklər”

Sevil Canbaxışzadə qeyd edib ki, hadisədən bir neçə gün əvvəl, yəni aprelin 25-də qızının evində olub: “Onların ailəsində hər hansı bir problemin olmadığını gördüm. Qısqanclıq və narazılıqdan da danışmırdılar. İndi qızıma şər atır, ağzına gələni danışır. Mənim qızım necə qız idi, bunu hamı yaxşı bilirdi. Ona şər atmaq lazım deyil. Qızımın qatilindən qisas alacaqlar. Ona ağır cəzanın verilməsini istəmirik. Onun həbsdən çıxmasını gözləyənlər var. Onu öldürəcəklər”.

Bu zaman söz alan təqsirləndirilən Elməddin Abışov bildirib ki, Elnarəni günahsız yerə öldürməyib: “Dəfələrlə görmüşəm, telefonla kiminləsə danışırdı. Mən Elnarəyə pis baxmamışam. Daşın-tozun içində işləmişəm, pul qazanıb, ailəmi dolandırmışam. Amma o, mənə xəyanət edib”.

Daha sonra Sevil Canbaxışzadə hakimlərin suallarını cavablandırıb. O, qeyd edib ki, təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlı qızı ona heç nə deməyib: “Qızım könüllü olaraq Elməddinlə qaçıb, ona görə də ailə problemləri ilə bağlı mənə heç nə deməyib, hər şeyi məndən gizlədib. Qızım əri ilə münasibətlərinin yaxşı olduğunu deyib, heç vaxt şikayətlənməyib. Amma bu qızımı öldürüb, vicdansızdır. Ananı azyaşlı övladlarının gözü qarşısında qətlə yetirib. İndi azyaşlı uşaq qisas hissi ilə yaşayır, deyir ki, böyüyəndə atamı öldürəcəm”.

Sonra hakimlər Elməddin Abışovun sağlamlığının yoxlanılması üçün kompleks məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar qəbul ediblər. Hakim bildirib ki, Elməddin Abışovun sağlamlığının yoxlanılması üçün ekspertlər qarşısında bir neçə sual qoyulacaq.

Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Ekspertizanın rəyi veriləndən sonra məhkəmə prosesi davam edəcək. (Teleqraf.com)

Xəbər lenti