Mynews.az xəbər verir ki, mərkəzin direktoru, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova AzVision-a bildirib ki, iyulun 10-da Şamaxı rayon sakini 34 yaşlı Bəkirova Kəmalə rayon mərkəzi xəstəxanasının göndərişi ilə Respublika Perinatal Mərkəzə daxil olub.
“36 həftəlik hamiləlik dövründə uşağın baş gəlişi ilə bizə müraciət edən qadını patologiya şöbəsinə yerləşdirdik. Bir sutka ərzində həmin qadın müayinələrdən keçirildi və hamiləliyi sonlandırmaq barədə qərar qəbul edildi. Bu, qadının 8-ci hamiləliyi idi. Belə ki, həmin qadının bundan əvvəl 5 doğuşu olub. 5 doğuşdan 2 qız, 3 oğlan dünyaya gətirib. Oğlan uşaqları doğuşdan sonra ölüb. Bundan əlavə ananın 3-dən artıq uzun müddətlik, yəni 12 həftədən böyük selektiv abortları qeydə alınıb. Qız uşaqları olduğu üçün abort etdirib. Axırıncı abortdan sonra fəsadlaşma olduğundan həkimlər ona hamilə qalmağı qadağan ediblər. Buna baxmayaraq, qadın hamilə qalıb. Oğlan olduğu üçün hamiləliyi 36-cı həftəsinə qədər davam etdirib”.
S.Məmmədova bildirib ki, ananın vəziyyəti yaxşı olmadığı üçün təbii yollarla hamiləliyini sonlandırmaq qərarına gəlinib. “Doğuş baş tutduqdan sonra 3700 qram anemiyalı, fiziki sarılıqlı oğlan uşağı dünyaya gəlib. Anada erkən zahılıq dövründə uşaqlığın divarları nazik olduğu üçün apenik qanaxma baş verib. Reanimasiyon tədbirlərə baxmayaraq, qanaxmanın qarşısını ala bilmədik. Buna görə xəstə əməliyyata götürüldü. Əməliyyatın icrası zamanı xəstədə ürək dayanması müşahidə olunurdu. Biz ürəyin fəaliyyətini bərpa edib, əməliyyatı sonlandırdıq. Sonra xəstə reanimasiya şöbəsinə yerləşdirildi.
Səhərə yaxın saat 4 radələrində Kəmalənin ikinci dəfə ürək fəaliyyəti dayandı və biz ürəyin fəaliyyətini yenidən bərpa etdik. Amma səhər 9-da üçüncü ürək dayanma müşahidə olunanda onun həyatını xilas etmək mümkün olmadı. Saat 09:25-də xəstənin bioloji ölümü təsdiq olundu. Bununla bağlı iyulun 12-də şəhər prokurorluğuna məlumat verildi.
İlkin rəy anada apenik qanaxma və ürək-damar fəaliyyətinin çatışmazlığıdır. Uşaqda qanın parçalanması baş verdiyi üçün əvəzləmə qan köçürülür. Hazırda uşağın vəziyyəti normaldır. Sağ qalması üçün əlimizdən gələn hər şeyi edirik”.