Hadisə yerinə gələn təcili yardım işçiləri döyüldü Ölənlər var - FOTOLAR

668
Hadisə yerinə gələn təcili yardım işçiləri döyüldü Ölənlər var - FOTOLAR

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı ölmüş piyadanın yaxınları hadisə yerinə gələn təcili tibbi yardım işçilərinə qarşı fiziki təzyiq göstəriblər.

Mynews.az "Report”a istinadən xəbər verir ki, naməlum avtomobil gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən Gəncə şəhər sakini, 34 yaşlı Aynurə Məmmədovanı və övladını vurub. Nəticədə qadın hadisə yerindəcə ölüb, onun övladı isə ağır xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşını çağırılıb. Lakin qəza zamanı dünyasını dəyişən piyadanın yaxınları tibbi yardım maşının sürücüsünə və həkimə qarşı təzyiq göstəriblər. Zərərçəkənin yaxınları hadisə yerinə gec gəldiklərini irad tutaraq tibb işçilərinə yumruq və təpik zərbələri endiriblər. Nəticədə sürücü və həkim xəsarət alıb.

Qeyd edək ki, hadisə nəticəsində ağır xəsarət alan uşaq Gəncədəki özəl xəstəxanaların birinə yerləşdirilib. Qəzanı törədən "QAZ-3110” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb, sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

***

Gəncədə iki nəfəri avtomobillə vurub öldürən sürücü saxlanılıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində ölümlə nəticələnən yol qəzasını Göygöl rayon Səmədli qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şərifov İqbal Yaşar oğlunun törətdiyi məlum olub.

O, keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə sürücülük vəsiqəsi olmayan İ. Şərifov dostunun "QAZ 3110” markalı avtomobilini idarə edərək Nizami Gəncəvi prospekti ilə yüksək sürətlə hərəkət edirmiş. Qarşısındakı avtomobil dayanaraq piyadalara yol verən zaman İ. Şərifov yandan ötüb keçmək istəyib. Bu zaman yolu keçən Abbasov Altay 11 yaşlı oğlu ilə dayansalar da, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Abbasova Aynurə qucağında 5 yaşlı oğlu Məhəmmədlə yolu keçmək istəyib. Nəticədə avtomobil onları vurub. Qadın hadisə yerində dünyasını dəyişib. 2012-ci il təvəllüdlü Abbasov Məhəmməd xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü İ. Şərifov avtomobillə hadisə yerindən uzaqlaşaraq aralıda olan Eminbəyli küçəsində maşını saxlayaraq qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti