Fövqəladə Hallar Nazirliyi Bakıda dərzi sexində baş verən yanğın barədə məlumat yayıb.
Mynews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 m2 olan 4 otaqdan ibarət dərzi sexinin 3 otağının yanar konstruksiyaları 45 m2 sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olunub.
Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub.
10:39
Bakının Cəfər Cabbarlı 28 ünvanında kimyəvi təmizləmə məntəqəsində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a verilən məlumata görə, məlumat daxil olan andan hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.
Yanğının qarşısı saat 9:26-da tam alınıb.
İçəridə qalan meyit çıxarılaraq aidiyyatı quruma təhvil verilib.
10:16
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakıda Cəfər Cabbarlı 28 ünvanında güclü partlayış baş verib. Hadisə şahidlərinin dediklərinə görə, içəridə kimyəvi təmizləmə maddələri olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası bir saatdan artıqdır ki, Yanğını söndürməyə cəhd edirlər. FHN əmkdaşları hazırda atelyenin qapısını sındırıb içəri girməyə cəhd edirlər. İki polis əməkdaşı, bir sakin yaralanıb.
Atelyedə dərzi işləyən Mustafa adlı 67 yaşlı şəxs dünyasını dəyişib. İlkin məlumata görə, onun tüstüdən zəhərləndiyi bildirilir. Meyit içəridən çıxarılmayıb. Aidiyyatı qurumların əməkdaşlarının gəlişi gözlənilir. Qonşu Nərminə Əliyevanın dediklərinə görə, onun həyat yoldaşı Əfrasiyab Əliyev kömək etmək istəyərkən müxtəlif yanıq xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.