Qısqanclıq zəmnində həmyerlisini öldürməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az xəbər verir ki, 2015-ci ilin iyulun 12-də Ağcabədi rayonunun Aran kənd sakini Musa Əliyev kənd ərazisində həmkəndlisi İlham Həsənovu öldürüb.
Xəyanət
Musa Əliyevin evli olan doğma bacısı qızı Gülbəniz Həsənovanı əri İlham Həsənov həyətlərində Ramil Mehdiyev adlı şəxslə görüşərkən tutub və xəyanət etdiyinə görə 10 iyul 2015-ci il tarixində onu evdən qovub.
Ertəsi gün günorta saatlarında Gülbəniz Həsənovanın anası Sevil qardaşı - Musa Əliyevin evinə gəlib və ona qızının əri tərəfindən əsassız olaraq xəyanətdə günahlandırıldığını və evdən qovulduğunu bildirib.
Dava-dalaş
Bu zaman nahar edən Musa Əliyev 100 qram araq da içib. Sərxoş vəziyyətdə olan Musa Əliyev həmin gün saat 16.37-də İlham Həsənovun atası Zahid Həsənova zəng edib və onunla, həmçinin arvadı Almaz Həsənova ilə danışıb.
Musa Əliyev onlardan bacısı qızı ətrafında baş verənlərə aydınlıq gətirmək, həmin məsələni özünün bildiyi qanundan kənar yollarla həll etmək məqsədilə onları evinə dəvət edib. Lakin Almaz Həsənova onun dəvətinə rədd cavabı verib.
Yolda avtomobil oğurluğu
Bundan əsəbiləşən Musa Əliyev saat 17:15-də evindən çıxaraq İlham Həsənovun yaşadığı evə tərəf gedib. Həmin vaxt yolla ötüb keçən “VAZ 2107” markalı avtomobilin Ramil Mehdiyevin qardaşı Vidadi Mehdiyevə məxsus olmasını güman edib. O, Vidadiyə yetişərək qardaşının qeyri-əxlaqi hərəkəti barədə onunla söhbət etmək istəyib.
Musa Əliyev rayonun Aşağı Avşar kənd sakini Raqif Mamedovun yolda açarı üstündə qoymaqla saxladığı “VAZ 21099” markalı avtomobili görüb və onu sürərək Vidadinin “VAZ 2107”-nin arxasınca hərəkət edib. Bununla da o, Raqifdən icazə almayıb və tamah məqsədilə avtomobili ələ keçirib.
Musa Əliyev ələ keçirdiyi avtomobillə “VAZ 2107”-ni təqib edib və avtomobilin Vidadi Mehdiyevə məxsus olmadığını bilib.
Sonra o, qaçırdığı “VAZ 21099” markalı avtomobili İlham Həsənovun evinə tərəf sürüb və yolda bacısı oğlanları Elnur Hüseynov ilə İsmayıl Quliyevi görüb. O, hər iki bacısı oğlanlarını avtomobilə mindirib.
Kirvəsi ilə görüşüb, ona xəyanət edib
Daha sonra dayı və bacıoğlanları İlham Həsənovun yaşadığı evə gəliblər. Musa Əliyev İsmayıl Quliyevlə birlikdə həyətə girib. Onlar Həyətdə olan İlham Həsənov, onun atası Zahid Həsənov və digərləri ilə görüşüblər.
Sonra onlar masa arxasında əyləşiblər. Bu zaman Musa Əliyev nə baş verdiyini soruşub. İlham Həsənov arvadı Gülbəniz Həsənovanın evlərinin həyətyanı bağ sahəsində pəncərənin qarşısında kirvəsi Ramil Mehdiyevlə görüşdüyünü, ona xəyanət etdiyini söyləyib.
Mübahisəli araşdırma və qətl
Bu zaman Musa Əliyev həmin yeri ona göstərməsini bildirib. Onlar birlikdə evin həyətyanı bağ sahəsinə gediblər. Orada Musa Əliyevlə İlham Həsənov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Musa Əliyev İlham Həsənovun onun bacısı qızının ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək bunu özünə qarşı təhqir kimi qiymətləndirib. O, İlhamı öldürmək qərarına gəlib.
Musa Əliyev İlhama “Gülbənizi orada Ramil Mehdiyevlə birlikdə tutmuşdunsa niyə görə ikisini də öldürmədin” deyə sual edib. Həmçinin “ay oğraş sənin qeyrətin, namusundu, sən öldürməliydin” deməklə mübahisə yaradıb.
Sonra Musa Əliyev özündə olan bıçaqla İlham Həsənovu vurub. Yaralı olan İlham onun əlindən çıxıb və yaşadığı evin həyətinə qaçıb. Bu zaman Musa Əliyev onun dalınca gedib, ona daha bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Üç maddəli cinayət işi və məhkəmə araşdırması
İstintaq orqanı Musa Əliyevi Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddələrilə ittiham edib.
Musa Əliyevin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Nə qədər zərbə vurduğumu dəqiq deyə bilmərəm”
İttiham üzrə özünü təqsirli bilən Musa Əliyev bildirib ki, hadisə zamanı sərxoş olub: “Həmin vaxt içkili idim, həm də bərk əsəbiləşmişdim. Sonradan həyətdə İlham Həsənovun məhz bədənin hansı nahiyəsinə vurduğumu dəqiq deyə bilmirəm”.
Musa Əliyev ifadəsində əlavə edib ki, İlham Həsəmovu təhqiramiz ifadələrinə görə öldürüb: “İlham Həsənovun həmin təhqiramiz sözlərindən bərk əsəbiləşdim. Onu öldürmək qərarına gəldim. Həmin məqsədlə də, şalvarımın sağ cibindəki qatlanan bıçağı çıxarıb əlimdə tutdum. Həmin anda İlham Həsənov qaçıb məndən aralaşmaq istədi. Bıçaqla onun başına, sağ böyrünə zərbə endirdim. İlham yıxılmadı, həyət tərəfə qaçdı. Həyətdə ona çatıb kürəyinə də zərbə endirdim”.
“Oğlum gəlinimdən şübhələnmişdi”
Cinayət işi üzrə şahid qismində ifadə verən Zahid Həsənov deyib ki, 10 iyul 2015-ci ildə, saat 22 radələrində evdə yatarkən səs-küyə ayılıb və həyətə çıxıb: “Bu zaman oğlum İlham Həsənovla kirvəmiz Ramil Mehdiyevin həyətdə dalaşdığını, gəlinim, yəni İlhamın arvadı Gülbənizin isə yalvararaq İlhamdan onları bağışlamasını xahiş etməsini gördüm. Oğlu İlham buna kimi Gülbənizin ona Ramillə xəyanət etməsindən şübhələnmişdi. Ona görə də həmin gün onları izləyib və bir yerdə tutub”.
“Evimizi yandıracağını söylədi”
Zahid Həsənov qeyd edib ki, bu hadisədən sonra İlham Gülbənizin anası Sevilə zəng edib: “Sevili evə çağırdı və dedi ki, qızı xəyanət etdiyi üçün onu saxlamayacaq. Sevil də qızını özü ilə apardı. Ramilin hərəkətlərindən isə arvadım Almaz “102” xidmətinə zəng edərək şikayət verib. İyulun 12-də qardaşım Zöhrab Həsənov arvadı Nabat Həsənova, öz oğlu Fuadın arvadı Tünzalə Həsənova, Tünzalənin qardaşı Cəsarət Süleymanov bizə gəldilər. Bir müddət sonra isə arvadımın şikayəti üzrə araşdırma aparan sahə müvəkkili Pərviz Seyidov gəldi. Bu arada mənə Gülbənizin dayısı Musa Əliyev zəng etdi, oğlum İlhamla Gülbəniz arasında nə baş verdiyini soruşdu. İlhamın yatdığını dedim. Sonra dəstəyi arvadım Almaz götürdü və Musa ilə danışdı, Musa bizi evinə çağırdı. Lakin arvadım onlara getməkdən imtina etdi. Onda Musa gəlib evimizi yandıracağını söylədi. Bu barədə sahə müvəkkili Pərviz Seyidova bildirdim. Sahə müvəkkili də Musanın bu hərəkətindən şikayət etmək hüququmuzun olduğunu bizə izah etdi”.
Zahid Həsənov daha sonra ifadəsində Musa Əliyev və bacısı oğlanlarının onlara gəlməsindən, habelə baş verən qətl hadisəsindən danışıb.
İşin halları araşdırılaandan sonra məhkəmə hökm elan edib. Məhkəmə Musa Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrini həmin məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edib.
Məhkəmə Musa Əliyevi Cinayət Məcəlləsinin 120.1 və 185.1-ci maddələri ilə təqsirli bilib və onun barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Bu hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq Musa Əliyevi Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 185.1-ci maddələri ilə təqsirli bilinməsini və cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin Musa Əliyev də apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hər iki tərəfin şikayəti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti təmin olunmayıb.
Bu qərardan prokurorluq kasasiya protesti verib. Prokurorluğun protestinə Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb. Prokurorluğun protesti təmin edilib və Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. İş yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.
Yaxın günlərdə Şirvan Apelyasiya Məhkəməsində prokurorluğun protestinə baxılacaq.