Mynews.az xəbər verir ki, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatına görə, 2017-ci il iyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan - 1972-ci il təvəllüdlü Gülbəniz Əliyevanin və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Muradın ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətirilmələri, ananın aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi, həyat yoldaşı 1968-ci il təvəllüdlü Saday Əliyevin isə yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.
İlkin araşdırmalarla Saday Əliyevin psixi xəstəlikdən əziyyət çəkməsi, qeyd edilən tarixdə yaşadığı evdə yatmış vəziyyətdə olan arvadı və övladlarının baş nahiyələrinə iri dəmir çəkiclə onlara qəsdən ağır bədən xəsarətləri yetirməsi və sonradan intihar etməsi müəyyən edilib.
Cinayətin aləti olan bir ədəd çəkic tapılaraq maddi sübut kimi götürülüb.
Hazırda işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.