Vəkil məhkəmə kollegiyasına etiraz etdi: Ədalətli olmağa çəkinirsiniz! QARŞIDURMA

484
Vəkil məhkəmə kollegiyasına etiraz etdi: Ədalətli olmağa çəkinirsiniz! QARŞIDURMA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziriYavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Mynews.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayətinin tam sübuta yetirildiyini elan edib.

Prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Zeynalov məhkəmə kollegiyasına etiraz edərək məhkəmənin gedişatından narazılığını bildirib: “Zərərçəkmiş nazirin qardaşı və baş prokurorun müavininin qohumu olduğu üçün bu işi ədalətli aparmağa çəkinirsiniz. Çünki qarşı tərəf borc verdiyini desə də, təqsirləndirilən şəxs isə faizə pul aldığını deyir və siz bunu məhkəmə istintaqında dəqiqləşdirməkdə maraqlı deyilsiniz.

Növbəti etirazımın da səbəbi budur ki, Əlikram Camalov həmin vaxt özü demişdir ki, vəziyyəti gərginləşdirmək lazım deyil, əgər münasibətləri qoruyub saxlamaq istəyiriksə, şikayət etməyin. Samiri fermada işə götürəcəyinə söz vermişdi. İndi xahiş edirəm ki, bütün bunların araşdırılması üçün Əlikram Camalov  məhkəməyə dəvət edilsin. Ona veriləcək bir çox zəruri suallarımız var. Mənim bu şikayətim təmin edilmədi. Artıq sizin mövqeyiniz aydındır. Konkret olaraq həmin şəxslərdən çəkinirsiniz”. 

Proses avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Samir Nəbiyevin himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq həbs edilməyib. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. 

İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə.Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti