Dünyada hər 20 saniyədə bir insan özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur. Aydın olmayan səbəblər üzündən kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər.
Şəmkir rayonunda gənc ananın iki azyaşlı övladı ilə bərabər özünü qatarın altına ataraq intihar etməsi Azərbaycanda intihar mövzusunu yenə gündəmə gətirdi.
İntihar nədir və insanlar niyə intihar edir? Mynews.az-ın məlumatına görə, Oxu.Az bu sualları psixoloq Elnur Rüstəmova ünvanlayıb.
Psixoloq intiharın təkcə Azərbaycanda deyil, dünyada qlobal problem olduğunu deyir: “Əslində, intihar insanın bu dünyaya üsyanıdır, mövcud vəziyyətlə barışmamasıdır. Bu gün “İntihar hansı səbəblərdən baş verir?”, “İntiharın kökü nədir?” kimi suallara cavab tapmaq üçün dünya psixoloqları araşdırmalar aparırlar. Ümumi Dünya Səhiyyə Təşkilatının (ÜDST) son açıqlamalarında da qeyd olunur ki, intihar edən insanların böyük bir qismi depressiyada olan insanlardır. İnsanlar bu problemi ciddiyə almırlar və depressiv vəziyyətin zamanla keçəcəyini düşünürlər. Nəticədə həmin fərd günlərin bir günü intihar edir. İnsan intihar haqqında dəfələrlə düşünə bilər, amma intihar qərarı anidən verilir. Ona görə də insanlar ətrafında əhvalı pis olan, pessimist düşüncəli doğmalarını, yaxınlarını görürlərsə, diqqətli olmalıdırlar. Əgər öncələrdə uzun sürən xəstəlikdən, alkoqolizmdən, hansısa başqa zərərli vəziyyətdən əziyyət çəkənlər intihar edirdisə, bu gün azyaşlıların, yeniyetmələrin, maddi cəhətdən heç bir problemi olmayanların intiharı ilə rastlaşırıq. Bu hallar problemin geniş vüsət almasının göstəricisidir”.
E.Rüstəmov intiharın əsas səbəbini insanların psixoloji vəziyyətlərini düzgün qiymətləndirə bilməməsində görür: “Təəssüflər olsun ki, biz psixoloji durumumuzun qeydinə az qalırıq və zaman keçdikcə həmin psixoloji problemlər dərinləşməyə başlayır. Çünki bizim millətdə hələ də belə bir yanaşma var ki, psixoloji problemi ertələmək olar. Nəticədə problem dərinləşir. Psixologiya elminin tarixi qədim olsa da, tətbiqi psixologiyada yeni sahədir.
Yaponlar hələ keçən əsrdən xüsusilə qeyd edirdilər ki, XXI əsr psixologiya əsri olacaq. Bu, doğrudar da belədir. Fikir verin, bu gün insanın ən böyük problemi içində hüzurun olmamasıdır. Bu gün insanlar nə istəyirlər? Rahat olum, hüzurum pozulmasın, həyatdan zövq alım. İnsanın hər şeyi var, həyatdan zövq ala bilmir. Bu gün psixoloji problemi olan insanlar hər şeyi olanlardır. Bu, faktdır. İkinci bir problem ondadır ki, bizim cəmiyyətdə psixoloqa getməyə bir az pis baxırlar. Mən dəli deyiləm ki, psixoloqa gedim deyə düşünənlər var”.
Dünya Psixiatriya Assosiasiyası hələ bir neçə il əvvəl XXI əsri “Depressiya və intiharlar əsri” adlandırıb. Proqnozlara görə, yaxın 10 il ərzində depressiya kardioloji xəstəliklərdən sonra ikinci yerdə dayanacaq. Dünyada intihar edənlərin 90 faizi depressiya xəstəsidir. Depressiya xəstələrinin 15 faizi intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir.
Problemləri həll yollarını görməmək, stress və ümidsizlik intihara aparan yollardandır. Məşhur psixoloq Ziqmund Freyd intiharı sosial mühitdə olan savaş və narazılıqlarla əlaqələndirib. Onun qənaətinə görə, özünəqəsd şəxsiyyətin mühitlə konfliktinin nəticəsidir.
Dünya psixoloqlarının gəldiyi nəticəyə görə, gənc və yeniyetmələrdə intihara cəhd çox zaman şantaj və qorxutmaq xarakteri daşıyır. Gənc bu yolla öz istədiyini həyata keçirmək məqsədi güdür. Onlar həyatlarının sona yetəcəyini bilsələr, bu addımı atmazlar.
Orta yaşlı insanlar intihara daha meyilli olurlar. 40 yaşına çatmış biri həyata başqa cür yanaşır və sürdüyü ömürü analiz edir. Nəticələr onu məyus edirsə, lazımsız olduğunu düşünür, depressiyaya düşür və intihar planları qurmağa başlayır.
İntihar cəhdi uğursuz alınanlar etiraf edirlər ki, ölüm acısı hiss etdikləri an peşman olurlar, geri çəkilmək istəyirlər. İntihar planlayan insanlar ətrafdakılara müəyyən mesajlar verməyə başlayırlar, gizlincə kömək istəyirlər. Məsələn, ən çox yayılmış intihar növlərindən biri olan özünü hündürlükdən atmaqla öldürmək istəyən şəxs dərhal addım atmır, bir müddət gözləyir və sanki “kömək edin, ölmək istəmirəm” deyir. İntihar məqsədilə müəyyən miqdarda həb qəbul etmiş insanlar dünyalarını dəyişənə qədər xilas olmaq istəyirlər. Lakin artıq gec olur...