Həbsdə olan bloger Aleksandr Lapşin vəkili ilə görüşüb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Eduard Çernin məlumat verib.
Vəkil bildirib ki, A.Lapşin özünü yaxşı hiss edir, səhhətində ciddi problem yoxdur: "Saxlanma şəraitindən narazılığı yoxdur. O yalnız öz ölkəsinə verilməsini istəyir".
E.Çernin bildirib ki, Lapşin ekstradisiya üçün İsrailin Azərbaycandakı səfirinə müraciət etsə də, yaxın günlərdə onun ekstradisiyası mümkün deyil: "Çünki hələ Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanuni qüvvəyə minməyib. Lapşin də hökmdən apellyasiya şikayəti verməyəcək. O, cəzasını öz ölkəsində çəkmək istəyir. Bunun üçün də o, İsraili seçib. Çünki hazırda ailəsi İsraildə yaşayır".
E.Çernin deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü 20 gündən sonra qanuni qüvvəyə minəcək: "Bu müddətdən sonra İsrail hökuməti Azərbaycanın Ədliyyə Nazirliyinə müraciət edə bilər. Yalnız həmin müraciətdən sonra Azərbaycan Ədliyyə Nazirliyi Lapşinin ekstradisiya məsələsinə baxa bilər".
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi - Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.