Rusiyada məhkəmə zalında atışma zamanı 4 nəfər ölüb, bir nəfər yaralanıb.
Mynews.az Oxu-az-a istinadən verdiyi xəbərə görə, hadisə Moskva vilayət məhkəməsində, “GTA dəstəsi” işi üzrə proses zamanı baş verib.
Vəkil Sofya Rubasskaya bildirib ki, azı 20 dəfə atəş səsləri eşidilib. Onun sözlərinə görə, atışma nəticəsində yaralananlar arasında mühafizəçi və qadın məhkəmə icraçısı var.
Şahidlərin bildirdiyinə görə, atəş açan şəxslər mühafizəçilərdən birinin silahını əlindən alıblar.
Məhkəmə zalında olan bütün insanlar təxliyyə olunub, iclas təxirə salınıb. Atışma baş verdiyi yerə hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidməti əməkdaşları cəlb olunub.
“GTA dəstəsi” adlı dəstə Moskva yaxınlığında sürücülərə hücum etməklə yadda qalıb. Avtomagistralla hərəkət edən avtomobillərin təkərlərini deşən dəstə üzvləri sonra sürücüləri və sərnişinləri güllələyib. Ümumiyyətlə, 17 nəfər dəstə üzvlərinin qurbanı olub.