Hacıqabul qətliamının təfərrüatları: “Moskva Natiq”in ailəsi necə güllələndi? – FOTO

852
Hacıqabul qətliamının təfərrüatları: “Moskva Natiq”in ailəsi necə güllələndi? – FOTO

Xəbər verildiyi kimi, 31 iyulda, səhər saatlarında Hacıqabulda evə basqın edən silahlı şəxs iki qardaş Məhəmməd və Natiq Qəmbərovların ailəsinin 5 üzvünü güllələyib, daha sonra özünü vurub.

Mynews.az xəbər verir ki, virtualaz.org saytının əməkdaşları Hacıqabula, dəhşətli hadisənin baş verdiyi şəhərə yollanıb.

“Getsəniz, yaxşıdır...”

Hadisə barədə qonşulardan heç kim jurnalistlərə danışmaq istəmirdi. Adını açıqlamayan bir sakin isə bizə xəbərdarlıq etdi ki, Hacıqabulu tərk etsək, yaxşıdır. “Bizim camaat qonaqpərvər camaatdır, ancaq bu hadisə barədə jurnalistlərə danışılacaq heç nəyimiz yoxdur. Getsəniz, yaxşıdır, bir az qabaq hansısa telekanaldan çəkilişə gəlmişdilər, qovduq”, - qətliamın baş verdiyi evin qarşısında dayanan kişilərdən biri bildirdi.

Çətinliklə də olsa, onu öyrənə bildik ki, Qəmbərovlar ailəsinin üzvlərini qətlə yetirən Mübariz Mehdiyevin hədəfi, əslində, Natiq Qəmbərov və onun ailə üzvləri olub. Lakin Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərovla qardaşı Natiq eyni həyətdə tikilmiş ayrı-ayrı evlərdə yaşadıqlarından qatil yanılıb. Natiq Qəmbərovun atasının evinə girmək əvəzinə əmisinin evinə girib və qarşısına çıxanları güllələyib.

Qatil ov tüfəngi ilə silahlanıbmış, ilk gülləni düşməninin atasına vurub

Mübariz Mehdiyev lüləsi kəsik ov tüfəngi ilə silahlanıbmış. O, özü ilə gətirdiyi taxta nərdivanı Qəmbərovların evinin hasarına söykəyib və içəri keçib. Əvvəlcə həyətdəki avtomobilə - “Moskva Natiq”ə məxsus olan “Mercedes ML” markalı “cip”ə od vurub. Evin sahibi – “Moskva Natiq”in atası Məhəmməd Qəmbərov səsə həyətə çıxıb, bu zaman Mübariz Mehdiyev Məhəmməd Qəmbərova atəş açaraq onu yaralayıb.

Yaralı dərhal darvazadan həyətə qaçıb və evlərindən bir qədər aralıda yerləşən Təcili Tibbi Yardım Stansiyasına özünü çatdırıb. Elə polisə də Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məhəmməd Qəmbərovu yaralayandan sonra basqınçı, çox güman ki, “Moskva Natiq”i öldürmək üçün yanlış olaraq onun əmisinin evinə daxil olub və qarşısına keçənə atəş açıb. Polislər az sonra hadisə yerinə gəlib və Mübariz Mehdiyev evin damından həyətin arxa tərəfinə düşərək qaçmağa çalışıb. Lakin polislərlə atışmada yaralanıb. Qonşuların dediyinə görə, yaralandığını görən M.Mehdiyev sağ ələ keçməmək üçün silahı ilə özünü vurub.

Qonşular deyirlər ki, qətliamı törədən şəxs avara, dəfələrlə məhkum olunmuş biridir. Yaxınlıqda yaşamadığından onun barəsində ətraflı məlumat yoxdur. Habelə Mübariz Mehdiyevin Natiq Qəmbərovla ədavətinin səbəbi də məlum deyil.

“Moskva Natiq” evdə imiş, qaça bilib...

Hadisə vaxtı Natiq Qəmbərov da evdə olub və o, silahlı basqını görərək qaçıb. Nəticədə sağ qalıb. Qonşulardan öyrəndik ki, Natiq Qəmbərov qətliamın baş verdiyi həyətdədir, lakin içəri heç kimi buraxmadıqlarından onunla təmas qurmaq mümkün olmadı.

Qonşuların bildirdiyinə görə, M.Mehdiyev “Moskva Natiq”in atasını vurduqdan sonra evi səhv salaraq N.Qəmbərovun əmisinin evinə girib, orada Məhəmməd Qəmbərovun qardaşı Nazim Qəmbərovu, oğlu Natiqi (1988-ci il təvəllüdlü) və qızı Gülbağdanı (təvəllüdünü dəqiqləşdirə bilmədik) güllələyib, daha sonra qonşu evdən səsə çıxan qadını - Natiq Qəmbərovun anası Almaranı öldürüb. Həmin vaxt Natiq Qəmbərov qaçmaqla canını qurtarıb. Qonşular deyirlər ki, Məhəmməd Qəmbərovun qardaşının və ailə üzvlərinin bu ədavətdə heç bir rolu olmayıb, onlar günahsız yerə qətlə yetiriliblər.

Hadisə barədə əlavə məlumatlar öyrənə bilmək üçün Hacıqabul rayon Polis İdarəsində də olduq. İdarədən bildirdilər ki, hadisə araşdırılır və mətbuata açıqlanacaq əlavə məlumat yoxdur.

“Moskva Natiq” qatili Moskvada bərk döyübmüş?

Geri qayıdıb Qəmbərovlar ailəsinin evinin qarşısında yeni məlumatlar toplamağa çalışdıq. Sakinlərdən onu da öyrənə bildik ki, Mübariz Mehdiyevlə Natiq Qəmbərovun Rusiyada neçə vaxtdır münaqişələri olub. Bir müddət əvvəl tərəflər arasında növbəti münaqişə zamanı Mübariz Mehdiyevi möhkəm döyüblər, ağır xəsarətlər yetiriblər. Bu hadisədən sonra N.Qəmbərov Hacıqabula, atasının evinə gəlib. M.Mehdiyev də Azərbaycana qayıdıb və düşməninin Hacıqabulda olduğunu biləndə ondan qisas almaq qərarına gəlib. Və bütün bu qanlı hadisələr Moskvada iki hacıqabullu arasında başlayan münaqişənin nəticəsi olaraq baş verib...

Bu qətliama gətirib çıxaran ədavət Rusiyada başladığından M.Mehdiyevin həmyerlisinin ailəsinə bu cür divan tutmasının motivlərini tam öyrənmək mümkün olmadı. Belə məlum olurdu ki, “Moskva Natiq” düşməninin evə silahlı basqın etdiyini görərək qaçıb canını qurtarsa da, ata-anasını, habelə əmisini və onun heç bir günahı olmayan övladlarını güllələrdən qoruya bilməyib...

 

Xəbər lenti