Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, həmçinin yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən mlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Gürcüstan vətəndaşı Maksime Kobuladze saxlanılıb.
Onun əlindəki torbaya baxış zamanı külli miqdarda - 4 kiloqram 700 qram narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində M.Kobuladzenin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Tovuz rayonu ərazisində yabanı halda bitən sahədən yığıb.
Saxlanılan şəxsin ifadəsinin yerində yoxlanılması məqsədi ilə Yasamal RPİ-nin NMB-nin əməkdaşları Tovuz rayonuna ezam olunub. Həmin ərazidə yabanı halda bitən 750 ədəd ümumi çəkisi 800 kiloqram olan çətənə kolu aşkar olunub və müvafiq protokol tərtib olunaraq məhv edilib.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların cinayətə meyilli şəxslərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.