Dünən gecə Ağdaş rayonunun Qəribli kəndində qanlı hadisə baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Sahib Baris oğlu Həsənovu bıçaqlayıb. Sahib qanaxma nəticəsində həyatını itirib.
Mynews.az xəbər verir ki, Ağdaş rayonunda baş verən qətl hadisəsi ilə bağlı təffərrüatlar məlum olub.
Kənd icra nümayəndəsi Nicat İsmayılov yenicag.az-a açıqlamasında hadisə ilə bağlı ətraflı məlumat verib: “Sahiblə Cabir qonşu olublar, əvvəllər də aralarında heç bir münaqişə, düşmənçilik olmayıb. Dünən bizim icra nümayəndəliyində çalışan işçimizin övladının toyu idi. Mən də, Sahib, Cabir və Sahibin atası da elə o toyda idik. Biz gündüz saat 1-də Sahibin atası ilə toydan çıxdıq. Kənddə də toy saat 8-də başa çatır axı. Toydan sonra kəndin uşaqları, o cümlədən də Sahiblə Cabir mağardan çıxıb, məhəllədə yığışıblar. Bu məqamda Cabirlə Sahib mübahisə edib. Cabir içkili olub. Mübahisə vaxtı cibindən bıçaq çıxararaq, Sahibi ayağından vurub. Ətrafdakı uşaqlar hay-küy salıblar, atasına xəbər veriblər. O məqamda da Sahibi qan aparıb, xəstəxanaya aparanda da gec olub. Elə xəstəxanaya çatanda keçinib. Necə özlərini itiriblərsə, onu yaxınlıqdakı Yevlax xəstəxanasına deyil, Ağdaşa aparıblar”.
N. İsmayılovun dediyinə görə, 22 yaşlı Sahib iki bacının bir qardaşı imiş. Nişanlı olan Sahibə atası gələn ay toy edəcəkmiş.
Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
10:29
Ağdaş rayonunda qətl hadisəsi törədilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Həsənov Sahib Baris oğlunu bıçaqlayıb.
Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılan Sahib Həsənov orada dünyasını dəyişib.
Məlumata görə, Sahib Həsənov bıçaqlanandan sonra hadisə yerində köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirib və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Qəribli kəndindən xəstəxanaya 2 saat sonra gətirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.