2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında 848 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, DSK-dən verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10 faiz azalaraq 1147 nəfər olub. Onlardan 315-i həlak olub, 832-si isə yaralanıb. Hadisələrin 45,2 faizi gündüz, 38,1 faizi gecə, 16,7 faizi isə toran vaxtı baş verib, 25,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artaraq 223 nəfər, yaralananların sayı isə 13,7 faiz azalaraq 779 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 49,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,5 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2016-cı ilin yanvar-iyun aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 7,2 faiz artıb, 16,9 faiz və 15,7 faiz azalıb. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,7 faizini, yaralananların isə 73,9 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 14 hadisə baş verib, nəticədə 9 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Belə hadisələrin 78,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.