Türkiyə vətəndaşı Mustafa Mutluer vətəndaş nikahında olduğu azərbaycanlı xanımı dələduzluqda ittiham edir.
Mynews.az xəbər verir ki, bununla bağlı Qafqazinfo-ya müraciət edən 38 yaşlı Mutluer Fidan Mirzəyeva ilə 3 ay əvvəl birgə yaşamağa başladığını deyib: “Ona nömrəmi kimin verdiyini bilmirəm. 3 ay əvvəl mənə zəng vurdu, tanış olduq. Kəbin kəsdirmək üçün Azərbaycana gəldim. Nikahda onun ailəsindən heç kim iştirak etmədi. Səbəbini soruşanda Kürdəmirin bir kəndində yaşadıqlarını, gələ bilmədiklərini dedi. Nikahdan sonra onu da özümlə birlikdə Türkiyəyə apardım”.
M. Mutluerin sözlərinə görə, Türkiyədə rəsmi nikah üçün müraciət etmək istəyib. Bu zaman F.Mirzəyeva Azərbaycan səfirliyinə müraciət edərək Bakıya qayıdıb: “Yaxşı maaş alıram, normal yaşayırdıq. Rəsmi nikah bağlamaq qərarına gəlmişdim, o da Azərbaycan səfirliyinə müraciət edərək Bakıya dönmək istəyib. Səbəbini özüm də bilmirəm. Onlar da Fidanı Bakıya göndəriblər. Qayıdarkən özü ilə birlikdə 1200 dollar pulumu və ona aldığım 1000 dollar dəyərində telefonu da aparıb. Maraqlandım, ünvanını tapa bilmədim. Ancaq Xırdalanda yaşadığını deyirlər.
Burada polisə getdim, hadisənin Türkiyədə olduğunu və bir şey edə bilməyəcəklərini dedilər. İndi məhkəməyə müraciət edəcəm. Götürdüyü pul vecimə deyil, başıma açdığı bu oyuna görə cavab verməyini istəyirəm”.