Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi Həkimlər iynə vurmadığı üçün öldü - DƏHŞƏT

2593
Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi Həkimlər iynə vurmadığı üçün öldü - DƏHŞƏT

Gənc şair Elçin Aslangil öz Facebook hesabında ürəkdağlayan paylaşma edib. Şairin həyat yoldaşı həkim məsuliyyətsizliyinin qurbanı olub. 

Mynews.az Metbuat.az-a istinadən şairin ürəkdağlayan paylaşmasını olduğu kimi təqdim edir:

"Quduz it (həkimlər) 5 yaşlı uşağı öldürüb! Bu hadisə başıma gələnləri xatırlatdı. Lənət!...

2010 -cu ildə, həyat yoldaşım Dilbəri it dişlədi, öz həyətlərinin iti.

1 ildən bir qədər çox idi ki, evli idik. Atası bizi qonaq çağırdı. Kəndə, Dilbərin ata evinə qonaq getdik. Bir gecə orda qalası olduq və səhərisi gün, həmin hadisə baş verdi. İt, Dilbərin qolunu dişlədi.

Cəmi 20 dəqiqə sonra Dilbəri Ucar rayon mərkəzi xəstəxanasına çatdırdım.

Xəstəxanaya yeni baş həkim təyin edilmişdi və köhnə baş həkimin tərəfdarları ilə yeni baş həkim arasında "soyuq müharibə" gedirdi.

Xəstəxanaya çatan kimi, Dilbəri cərrahiyyə şöbəsinə götürdüm. (quduzluğa qarşı iynə həmin şöbədə vurulurdu. Niyə infeksiya şöbəsində vurulmurdu? Bilmirəm.) Cərrahiyə şöbəsinin baş tibb bacısı, mənə kinayəli bir şəkildə dedi:

"Antibiyotiklər yeni baş həkimdədi. Get, ondan icazə al, vuraq!" (Vicdansızlığa bax! Şərəfsizlər!)

Baş həkim Zeynalovun yanına getdim. O da, problem yoxdur, niyə vurmurlar? - dedi.

Bir xeyli çək-çevirdən sonra iynə vuruldu. Fəqət, Dilbərə bir iynə vuruldu. Bildiyim qədəri ilə belə olmamalıdır. Tetanus iynəsi vurulmamışdı və elə həmin gün Dilbər ambulator müalicəyə, evə buraxıldı. Üç gün sonra İnfeksiya şöbəsinin baş həkimi evə xəstəxana işçisini göndərərək, xəstənin xəstəxanaya gətirilməsini istədi, apardım. Həkim dedi ki, xəstəyə tetanus iynəsi vurulmayıb və ümumiyyətlə antibiyotik iynələrin də vurulmasından şübhəliyəm.

Beləcə bizim məlamətli günlər başladı. Ağır müalicə, ard-arda antibiyotiklər, ittutma hadisəsindən bir həftə sonra, düşmək bilməyən qızdırma. Daha sonra sayıqlamalar və sairə... Nəticədə həkim səhlənkarlığı üzündən, hadisədən 24 gün sonra 2010-cu il avqustun 8 -də həyat yoldaşım Dilbər, faciəvi şəkildə, Musa Nağıyev adına xəstəxanada öldü, iyirmi iki yaşında, mavi gözlü Dilbərim.. Lənətə gələsiniz!"

 

QUDUZ İT (Hekayə)

(Bu mənim hekayəmdir..)

12 iyul. 2010- cu il.

Gözlərimi azacıq açıb otağın qaranlığından başqa bir şey görmədikdə, yenə yuxuladım.

- Və bunu da bilin ki, Allah heç kəsə qaldıra bilməyəcəyindən ağır yük, çəkə bilməyəcəyindən artıq dərd verməz. Yaxın gəl Elçin, sən də otur, qulaq as.

İri sütunların kölgəsində daldalanan üzlərin heç birini tanımıram, elə danışan adamı da. Ancaq buranın məscid olduğuna əminəm.

- Dostu, aç o qarşındakı kitabı.

Bu kitab Qurandır, bir neçə dəfə tərcüməsini oxumuşam.

- Aç, oxu!

- Hökmən yaa Rəbb!

- Dediyin sözlər nə məna kəsb edir, bilirsənmi?

- Deyəsən bilirəm...

- Nə?

- Rəbb.. Yəni Allah tək..

- Bəli, Allah tək varlıqdır, şəriksizdir!

- Elçiiin! Elçin, artıq səhər açılıb, gecikə bilərik, bəsdir yatdın.

- Hökmən yaa Rəbb. – Bu nə deməkdir?

- Sabahın xeyir. Allah tək varlıqdır, şəriksizdir. Nə olub ki?

- Yuxuda dedilər mənə. Bəlkə getməyək?

- Vallah atama söz vermişəm. Qalx, tənbəllik eləmə. Əl-üzünü yu, əynini geyin, artıq saat doqquzdur.

- Yaxşı.

*****

- Əmi, bir az əvvəl bağı gəzirdim, it arxamca düşdü, ayaq izlərimi iyləməyə başladı. Bax, düz evin tininə qədər gəldi arxamca. İtin gözləri də qızarıb.

- Allah qorusun, bu istilər bizi öldürməsə yaxşıdır. Heyvan istidən əziyyət çəkir, tez-tez özünü arx-bərəyə vurur, yəqin suya girməkdən itin gözünə qan damıb.

- Dilbər hardadır?

- Evin o biri üzünə keç, sənə kətə bişirir.

- O kətə də bişirə bilir?

- Mən sənə qızı verəndə dedim axı ki, bacarıqlıdır. Düzdanışan kişilərdənəm.

- Əmi mən şair adamam. Düz danışan düzləri gəzdim qızını almamışdan qabaq. Qaratikandan tutmuş, yulğuna, yovşana qədər dil açıb dedilər, - Əminin qəlbi dünya malından yoxsuldur Ucarın çölləri kimi. Orda göz işlədikcə uzanıb gedən bir düz, düzənlik var ki, Allahın ədalətindən başqa bir şey tanımaz.

- Qızımı alanda da, belə tərifləmişdin məni.

“Yaa Məhəmməd, de ona! De ki, Allah bilir!”

Nəyə görə dəniz sularının üstündə bərq vuran ayın ziyası, onun durduğu yerə qədərdir? Üzünü görmək də olmur. Məhəmməd Allahın bildiyini deməlidir mənə? Bağışla Allah, Hz. Məhəmməd mənim tay-tuşum deyil, hörmətlə yanaşmalıyam, lap ürəyimdə olsa belə, Ona Hz. Məhəmməd deyə xitab etməliyəm, bağışla. Bəs yaxşı, bütün müqəddəslər nə üçün həmmişə hamının gözünə eyni cür, ağ geyimdə görsənirlər?

- Yuxu görən gözlərindən öpüm, yoxsa pörtmüş yanaqlarından?

- Dilbər, yenə yuxu gördüm...

- Sən namaz qılmalısan. Mən deyirəm mən eşidirəm. Quranı neçə dəfə oxumuş adamsan, qəlbini Allaha aç.

- Mənim yerimə namazı mələklər qılır, mən pak və təmizəm. Həm də sənə demişəm axı, - şairlər yarıpeyğambərdir. (O güldü, mən də güldüm) - Həyətə düşəndə itdən özünü qoru.

- O it mənim itimdir. O iti bu qapıya mən gətirmişəm, mən böyütmüşəm. İtə heç nə olmayıb.

*****

13 iyul 2010-cu il.

- Elçin, yaxşı bir qoşalüllə rastına çıxsa mənə xəbər et.

- Teymur, mənimki qələmdir, qoşalüllə mənlik deyil.

- Qapıya çaqqal-çuqqal dadanıb. Qonşuya demişəm, bu gün gətirəsidir tüfəngini. Gecə düşən kimi çiynimə atıb, keçəcəm bağın ayağına. Ya tülkü, ya çaqqal, ya canavar, fərq etməz. Birini vursam, o birilərin də ayağı kəsiləcək.

- Gecə mən də yerə düşürəm, çaşıb məni də vurarsan.

- O qışqırtı hardan gəlir a gəlin?

- Bu nə qışqırıqdır əmi?

- Teymur, Elçin, düşün aşağı, görün o nə səsdir?! A gəlin, o süpürgəni əlindən yerə qoy, bir bax gör o nə səsdir, kimdir qışqıran?!

5 iyul 2010-cu il. Atam Dilbərə dedi: - Siz tərəfə yolum düşmüşdü. Sizə getdim. Hamının sənə salamı var. Səndən də salam dedim onlara. Dilbər, itinizdən gözüm su içmədi. Hürmədən üstümə şığıdı. Deyəsən itinizi çaqqal dalayıb.

*****

- Bu pis əlamətdir.

- Sən dedin ki, atanın yüz yaşlı bibisi, beşik asıb?

- O beşiyi asıb dua etdi.

- Necə yəni dua? Bunun heç bir xeyri yoxdur.

- O öz otağından beşik asdı, sonra Qurandan bir neçə ayə oxudu və mən də o beşiyin başına bir neçə dəfə fırlandım.

- Eləcə fırlandın?

- Başqa nə etməli idim?

- Fırlana-fırlana mahnı da oxuyaydın.

- Sən zarafat et. Ayətəlkürsünü oxudum.

- Ayətəlkürsünün buna nə dəxli? Bəqərə surəsinin həmin ayələrində Allahın qüdrətindən danışılır. Orda beşik haqda, uşaq haqda heç nə yoxdur.

- Mən o ayələri oxuyub Allahı zikr edərək övlad diləyirdim.

- Maraqlı ayindir. Gərək məni də çağıraydın, bir az kefim açılardı.

- Kitaba da baxdı.

- Hansı kitaba?

- Qurana.

- Başa düşmədim..

- Dedi ki, iki dənə qara it əl-ayağını gəmirir.

- Bunu Qurandan oxudu?

- Quranda elə yazılmayıb. Əvvəl dodağının altında nəsə deyir, sonra kitab açır. Deyir mənə əməl ediblər.

- Necə əməl?

- Nə bilim.

- Yat.

- Səhər səni tez oyadacam yuxudan. Bacım bizi qonaq çağırıb. Hava qızmamış gedərik.

- Yaxşı. Bu gün gördün? – Biz qapıya girən kimi it üstümüzə yüyürdü. Heç oynaqlamadı, ikimizi də iyləyib çıxıb getdi. İtin gözləri qan çanağıdır. Həyətə düşəndə ehtiyyatlı ol, tək düşmə.

- İtə heç nə olmayıb. Teymura da belə deyib küyləndirmə, yoxsa öldürər iti.

- Yat.

“Ya Məhəmməd, de ona! De ki, Allah bilir!”

*****

- Ana, biz bu gün bacımgilə qonaq gedəcəyik.

- Hava qızmamış gedin. Bir az pomidor da yığ, apar.

- Yaxşı, indi düşüb yığaram.

- Elçini oyatdın?

- Hə. Amma hələ eşələnəcək yataqda, beş-on dəqiqəyə qalxar.

- Bu pis əlamətdir.

- Niyə, nə olub?

- Ağaca bax.

- Nə var ağacda?

- Bəyquşu görmürsən?

- Hə, gördüm. Bu, gecə də burda idi, səsini eşitdim. Elçin də bəyquşun səsini eşitdi. Mən də, pis əlamət olduğunu dedim.

- Səhərçağı bu bəyquşun burda nə işi var? – Allah xeyir eləsin.

Sonralar Dilbər deyirdi. - Həyətə düşdüm. Evin yanından vedrəni götürüb, əkin sahəsinə yollandım. İt görünmürdü. Başımı qaldırıb göylərə nəzər salanda, içim sızıldadı. Darıxdım sənin üçün. Sən uzaqda deyildin. Amma darıxdım. Buludlar o qədər uzaq idi ki, səndən o qədər uzaq olmağı düşünmək, içimi sızıldatdı. Birdən, nar ağacının butağı az qala gözümə girəcəkdi. Gözümün üstünə batdı. Yerə çöməlib, göynərtisindən təxminən beş dəqiqə zarıdım. İt yox idi. Əkinlikdən pomidor yığıb evə gələndə, iti bağın ayağındakı açıq qapıdan içəri girən gördüm. İt sudan gəlirdi, islanmışdı. Məni görüb üstümə yüyürdü.

Səhərüzü təxminən saat 6:00 – da, Teymur əkin sahəsini sulamaq üçün arxa qapıdan su başına çıxır. Əkinə su açıb evə qayıdarkən, bağın çöllüyə açılan balaca qapısını bağlamağı unudur. İt həyətdə yox idi. Gecələr çöllükdə olurdu. Teymur su açdığı beli evin həyəti ilə əkin sahəsinin arakəsmə çəpərinə söykəyir.

- İt.. İiiiiiiiiit!

Yubanmaq olmaz. Elə birbaşa eyvandan tullanmaq lazımdır. Qaçmaq.. Var gücümlə qaçmalıyam.. Çəpərin dibində bel var. Çatan kimi belin tini ilə itin başını üzdürəcəm. Qışqırım, bəlkə səsimdən qorxdu. - Rəddol İiiit, iiiit, iiiiiiiiit!

Beli itin hulqumuna sıxmışam. Sağ ayağımla itin belindən basıram.

- Dilbər, qolunu ehmalca itin ağzından çəkib çıxaaaart! Bir az tez! Kömək ediiiiiin! Teymuuuur! Əmiiiiii!

- Elçin qorxma, mən yaxşıyam.

O çox sakitdir. Amma gözlərindəki taqətsizlik məni düşündürür. Yəqin ki ağrıdır...

- Hə, yaxşı, mən qorxmuram. Sən qolunu itin ağzından al, oldu?

- Yaxşı.

Dilbər qolunu itin dişlərindən sıyırıb çıxartdı. Sağ ayağımın altında möhkəmcə saxladığım itin başından, əlimdəki bellə vurmaq istəyirəm. Birdən...

- Dilbər, sənin qolundan güclü qan axır. İt damarını zədələyib?

Onun rəngi saralıb. Halsızdır, ayaq üstə güclə durur.

- Bilmirəm Elçin.

Əlimdəki beli, itə fikir vermədən kənara atıram. Qorxu.. Bu çox pisdir.. O qanaxmadan ölə bilər? İt ayağımın altından asanlıqla sıyrılıb qaçır. Qəribədir, it niyə mənə hücum etmədi?

Mən Dilbərə demişdim, itdən özünü qorusun, ehtiyatlı olsun. O isə məni eşitmədi.

Bəlkə də ömrümdə ilk dəfə səhər yemək yeyəcəkdim. Masanın arxasında Dilbərin atası (Ona hamımız əmi deyirdik), qardaşı və mən səhər yeməyi üçün əyləşmişdik. Onlar mənim yuxudan oyanmağımı gözləyərək, səhər yeməyini gecikdirmişdilər. Teymurun arvadı, həyəti süpürürdü. Dilbərin harda olduğunu bilmirdim. O məni yuxudan oyadıb, bir neçə dəqiqəlik söhbətdən sonra otaqdan çıxmışdı. Biz səs eşitdik. Əlimdəki, hələ bir qurtumda olsun içmədiyim çaya ötəri nəzər salıb, səsin hardan gəldiyinə qulaq verdim. - Uşaq səsidir? - Kimsə qışqırırdı. Sonra Dilbərin atası, Teymurun arvadına səslənəndə, anladım. Axı mən ona demişdim itdən özünü qorusun.- Bunu öz-özümə dedim və elə bu dəm, Teymurun həyat yoldaşı it deyib qışqıranda əmin oldum. Eyvandan tullanaraq səsgələn istiqamətə tərəf qaçdım. Hay-küy salıb iti qorxutmaq istəyirdim, amma it Dilbəri altına alaraq qolunu gəmirirdi. Bu mənim yadımdadır və çox güman ki, ömrümün sonuna qədər də, yadımdan çıxmayacaq.

Bu hadisə baş verən zaman, bir neçə ev kənarda yaşayan qonşu, təsadüfən tüfənglə həyətə daxil olaraq, ilk atəşdəcə iti vurdu. O, tüfəngi Teymura gətirmişdi.

*****

- Həkim, o sağalacaq?

- Dəqiq bir söz deyə bilmərəm. Qanını əkmişik. Xəstənin vəziyyəti elə də yaxşı deyil. Sağ gözünün qıyılmasından bizə məlum olur ki, quduzluq çöpləri öz işini görür. Bu çox qəribə xəstəlikdir. Quduzluq çöpləri insanın beyin ölmünə səbəb olur. Ürəyi sağlamdır. Amma bizi təəccübləndirən əsas məsələ, xəstənin işıqdan və sudan qorxmamasıdır. Adətən belə xəstələr, depresiyaya düşərək işıqdan və sudan qorxurlar. Bu xanımda isə, belə bir halla qarşılaşmadıq. O çox rahatlıqla su içdi, işıqdan narahat olduğunu bildirmədi. Sabah səhər onbirə kimi yaşasa, xəstəliyin alt qatını biləcəyik. Qanəkmənin nəticələri sabah səhər məlum olacaq.

- Əgər mənim gəlnimi bu xəstəliyin caynağından qurtara bilsəniz, bu dünyada istəyib əldə etmədiyiniz hər şeyi əldə edəcəksiniz, sizə söz verirəm. Əlinizdən gələni əsirgəməyin professor.

- Belə gözəl gözləri olan qızla ilk dəfədir qarşılaşıram. Gözlərinin qəribə rəngi var. Dünən gecə tünd göy idi. İndi isə, dəniz mavisidir. Mən çalışacam.

- Elçinin yanında belə danışmayın.

- Başadüşürəm.

8 avqust 2010-cu il. Göydə ulduz azdır. Birazdan əzan çəkiləcək. Bayaqdan xəstəxananın həyətində dolaşan qara pişik, mənə yaxınlaşdı. Düz önümdə dayanıb. Sağ böyrüm üstə skameykada uzanmışam, infeksiya şöbəsinin qarşısında. Görəsən Dilbər niyə bu qədər çox yatır? Hərdən ağzından köpük də gəlir. Mənə deyirlər ki, bu adi yuxudur. Bu adi yuxu deyil, bilirəm. Hə, pişik, Dilbər niyə bu qədər çox yatır? Sən bilirsən?

Pişik ağzını azacıq açıb, qıcanırmış kimi dişlərini göstərdi. Üzümə diqqətlə baxıb mırıldadı. Üç hadisə eyni vaxtda baş verdi. eQapının açılması, pişiyin mırıldaması, əzanın başlanması. Qorxaraq uzandığım skamiyadan dik atıldım.

İnfeksiya şöbəsinin qapısını açan tib bacısı, ilk olaraq məni gördü. Atamla Dilbərin qardaşı, maşında yuxuya getmişdilər.

- Siz, xəstənin həyat yoldaşı, zəhmət olmazsa gəlin.

Koridorda, dizlərim əsə-əsə qaçdım, Dilbərin yatdığı polataya doğru. Bu polata bir gün bundan əvvəl çox gözəl idi. Yeni yazdığım şeirlərdən birini, Dilbərə və onun gözəlliyinin işığına yığışmış, tibb bacılarına söyləmişdim. Bəyənmişdilər. Bu koridorun uzunluğu iyirmi metrdən çox olmaz. Amma Dilbərə çatmaq üçün çox uzun oldu.

- Bəli tibb bacısı, eşidirəm sizi.

- Heç nə.

- Necə yəni heç nə? Dilbərin gözləri açıqdır, nə vaxt oynıb yuxudan?

- Oyanmayıb.

- Gözüaçıq yatır?

- Yox.

- O sizə nəsə dedi? Məni soruşmadı ki?

- Heç nə demədi. Yox, soruşmadı.

- Dünən yatanda gözüaçıq deyildi.

- Elçin, sən özün cəsədi burdan çıxardacaqsan, yoxsa mən kömək çağırım?

- Nə?

- Hə.

- Hər şey qurtardı?

- Hə.

- Vəssalam?

- Hə.

- Oyanmayacaq?

- Yox.

- Öldü?

- Hə.

- Mən üşüyürəm.

- Hava elə də soyuq deyil.

- Mənə soyuqdur.

- Atanla qaynın arxanda durub, yol ver keçib cəsədi götürsünlər.

- Onlar ağlayır, mən ağlamıram. Özüm götürəcəm.

- Yaxşı.

- Dişlərim qırılacaq.

- Sakit ol, özünü ələ al.

- Siz, bir–birinə dəyən dişlərimin səsini eşidirsiniz?

- Eşidirəm. Ağlamağa çalış, özünü sıxma.

- Dilbər demişdi ağlamayım.

Və mən onu özüm götürdüm. Cansız deyildi. Bəlkə də üzündəki təbəssüm idi onu canlandıran, ölü ikən diri edən. Ən qəribəsi isə, mən də gülümsəyirdim. O güldü, mən də güldüm.

Xəbər lenti