Bakıda sevdiyi qıza təcavüz etməkdə təqsirli bilinən Laçın rayon sakini, 1995-ci il təvəllüdlü Emin Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, E.Alıyevin ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüblər və Yasamal rayonunda “Qanlıgöl” yaşayış massivi, yeni məhəllədə məcburi köçkün kimi məskunlaşıblar.
1995-ci ildə anadan olan Emin yetkinlik yaşına çatandan sonra Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində kiçik çavuş rütbəsində xidmət etməyə başlayıb. O, xidmətdə olduğu müddətdə məzuniyyətə gəlib və elə məzuniyyətdə olduğu zaman da sevgilisinə təcavüz edib.
Sevgi münasibəti
O, tanışı, 1999-cu il təvəllüdlü Samirə Məlikovanı (ad və soyad şərti verilib – red.) sevdiyinə inandırıb. Qızın yaşadığı ünvana gəlib.
Orada aralarında olan münasibətlər barədə onunla söhbət etmək niyyətində olduğunu bildirib. Bəhanə gətirib ki, ətrafda olan insanların onları görməsini istəmir. Beləcə, Samirəni aldadıb və onu heç kəsin olmadığı hündürmərtəbli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dəvət edib.
Zorakılıq
Samirə də Eminin sevgi münasibətinə inanıb və onun dəvəti ilə həmin yerə gedib. Orada Emin qızı qucaqlayaraq zorakılıq göstərib.
Samirə oradan qaçmaq istəyib, ona müqavimət göstərib və qışqıraraq köməyə adam çağırıb.
Zorlama
Buna baxmayaraq, Emin qızın hərəkətini məhdudlaşdırıb və ona fiziki güc göstərib. Amma Samirənin yenə də müqavimət göstərdiyini görən Emin onu döyərək bədən xəsarətləri yetirib.
Daha sonra onu güclə soyundurub və cinsi əlaqədə olub. Bundan sonra qızla evlənəcəyinə vəd edib və bu barədə heç kimə deməməsini tapşırıb.
Cinayət işi
Lakin Samirə ona inanmayıb və polisə şikayət edib. Şikayət əsasında E.Alıyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.
7 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Alıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalıb və apelyasiya şikayəti verib.
O, hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Hesab edib ki, zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyib.
Onun sözlərinə görə, zərərçəkmiş şəxsin verdiyi ifadələr ziddiyyətli olmaqla işin faktiki hallarına uyğun deyil.
O iddia edib ki, Samirə ilə aralarındakı münasibət könüllü olub. Buna görə də o, zorlama və seksual xarakterli zorakılıq hərəkətləri iddiası ilə razı deyil.
Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə E.Alıyevin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.
Bu qərardan narazı qalan E.Alıyev kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti onun kasasiya şikayətini də təmin etməyib.