Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Georgia Petroleum” törəmə şirkəti Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınları ilə mübarizə üçün Gürcüstana 65 ton yanacaq verib.
Mynews.az-ın məlumatına görə, APA-nın yerli bürosu şirkətə istinadla xəbər verir ki, təbii fəlakətlə mübarizə üçün “SOCAR Georgia Petroleum” 45 ton təyyarə yanacağı, 10 ton benzin və 10 ton dizel yanacağı ayırıb.
“SOCAR Georgia Petroleum” həmçinin gələcəkdə yanğın nəticəsində məhv olmuş meşələrin bərpasında iştirak edəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.
Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.