“Infiniti” ilə sərxoş vəziyyətdə qəza törədən İlqar Həsənova nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 30 gün müddətinə inzibati həbs verilib
Avqustun 27-də, saat 00:35-də idarə etdiyi və özünə məxsus olan “Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədən Ağdaş şəhər sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənova inzibati həbs cəzası verilib. Bu barədə Bizimyol.info saytına Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, o, Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol nəqliyyat hadisəsi törədib.
Hadisə ilə əlaqədar Ağdaş rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan araşdırmalarla müəyyən edilmişdir ki, İ.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququna malik olsa da, avtomobili sərxoş vəziyyətdə idarə edib. Hadisə zamanı İ.Həsənov avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır.
Yol nəqliyyat hadisəsi nəticəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin İbrahimova və “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinə maddi ziyan vurulması müəyyən edildiyindən İ.Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, zərər çəkmiş şəxsə maddi zərər vurduqda) maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
Ağdaş rayon məhkəməsinin qərarı ilə İ.Həsənov İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 30 gün müddətinə inzibati həbs edilmişdir.
Qeyd edək ki, E.Həsənovun atası Həsənov Əsgərxan İsmayıl oğlu Ağdaş rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir.