10 min saxta pul hazırlayan Səbinə həbsxanada: "200 manat məvacib alırdım" - VİDEO

781
10 min saxta pul hazırlayan Səbinə həbsxanada: "200 manat məvacib alırdım" - VİDEO

Gənc yaşlarında atdığı yanlış addım həyatının ən gözəl çağlarını itirməsinə səbəb olub.

Səbinə Mahmudova 1986-cı ildə Füzuli rayonunda anadan olub. Bir neçə il ailəsi ilə Bakının Xətai rayonunda yaşayıb. Gənc qızın atası vəfat etdikdən sonra evin bütün yükü onun üzərinə düşür. O, anasına, nənəsinə və özündən balaca qardaşına restoranda işləməklə baxırmış. Lakin qazandığı pul ailənin tələbatını ödəyə bilmirmiş. Səbinə də bundan sonra cinayətə əl atır. Bu cinayət isə qızın 7 il 11 ay azadlığını əlindən alır. 

“Anamı, nənəmi, qardaşımı aldığım 200 manatla dolandıra bilmirdim. Anam xəstə olduğu üçün evimi satıb onun müalicəsinə xərclədim. Daha sonra kirayələrdə yaşadıq. Maddi vəziyyətimiz çox pis idi. Bir gün evdə oturanda qərara aldım ki, printer alım və saxta pul hazırlayım”.

Külli miqdarda saxta pul hazırladığını deyən Səbinə həmin pulun 20 manatına kontur alarkən polisə yaxalanır. Bu səhv addım Səbinəni ailəsindən bir neçə il uzaq salır:

“Saxta yolla 10 min manat hazırladım. Mağazada kontur alarkən polis əməkdaşları məni saxlayıb şöbəyə apardılar. Yaşadığım mənzili yoxladılar. Bütün saxta pulları, printeri və digər əşyaları polisə təhvil verdim”.

Səbinənin həbs olunduğunu eşidən ailəsi şoka düşür. Hətta anası infarkt keçirir. Bir il yarımdır həbsxanada olan Səbinə anası və bacısı tərəfindən tez-tez ziyarət olunduğunu deyir. Yalnız bir nəfərdən başqa:

“Qardaşımın bura gəlməyini istəmirəm. Amma telefonla danışıram. İstəmirəm, qardaşım gəlib məni qara xələtdə görsün”.

İmkansızlıqdan yanlış addım atdığını söyləyən Səbinə gənc qızlara tövsiyyələrini də etdi:

“Gənc qızlara tövsiyyəm ondan ibarətdir ki, acından ölsələr, quru çörəyə möhtac qalsalar belə, yanlış addım ataraq həbsxanaya düşməsinlər. Bura çox ağır yerdir. Həbsxanaya düşməyi heç düşmənimə də arzulamaram. Burada yaşadığım bir gün bir ilə bərabərdir”.

Dörd divar arasında qalan Səbinə Mahmudova gözyaşları içərisində qohumlarından da şikayətlənir:

“Bircə onu deyim ki, qohumlarım yaxşı olsaydı, mən bura düşməzdim”.

Ailəsinin yaxşı yaşaması üçün yanlış addım atan Səbinə çox peşman olduğunu deyir:

“Anamın yanına qayıtmaq istəyirəm. Tutduğum əmələ və anamı başqalarının ümidinə buraxdığım üçün çox peşmanam”.

Xəbər lenti