Məcburi köçkünlərə qarşı dələduzluq edənlər MƏHKƏMƏ QARŞISINDA

573
Məcburi köçkünlərə qarşı dələduzluq edənlər MƏHKƏMƏ QARŞISINDA

Bakıda qaçqın və məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun məhkəməsi başlayıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Hər iki şəxs özlərini təqsirli bilsələr də, bəzi epizodlar üzrə rəqəmlərin düzgün olmadığını, zərərçəkmişlərdən ittihamda göstərilən qədər pul almadıqlarını deyiblər.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onlar Abşeron qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd edərək onlara qarşı dələduzluq ediblər.

Belə ki, hər iki şəxs həm qaçqın və məcburi köçkün olan şəxslərdən, həm də bu statusda olmayan şəxslərdən külli miqdarda pul alıblar.

İttihama görə, onlar Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5400, Etibar Əliyevin 4000, Tehran Məmmədovun 6000, Bəxtiyar Əzizovun 4000, Nazilə Ağayevanın 2000, Səyyarə Çələbiyevanın 6000, Sevil Emilovanın 7000, Səməd Əbilovun 3500, Kəmalə Quliyevanın 16000, Ləman Əliyevanın 15000, Şahin Abdullayevin 8030, Rafiq Cəfərovun 13600, Cabir Məmmədovun 8000, Ceyhun Qurbanovun isə 45000 manatını ələ keçiriblər.
Zərərçəkmişlər söyləyiblər ki, R.Rəhimov və Ş.İsmayılov onlara satacaqları evlərlə bağlı sənədlər də imzalatdırıblar.

Xəbər lenti