Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

594
Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində oğurlanan və cinsi təcavüzə məruz qalan 23 yaşlı müəllim Sara Vəliyeva (ad şərtidir) yeni tədris ilinin başlamasına baxmayaraq, öz ixtisası üzrə işlə təmin edilməyib.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, bu ilin aprel ayında Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama verərək, cinsi zorakılığa məruz qaldığı üçün təyinatla göndərildiyi kənd məktəbini tərk etməyə məcbur olmuş müəllimin yeni tədris ilində işlə təmin ediləcəyi bildirilsə də, bu istiqamətdə addım atılmayıb. S.Vəliyevanın ailəsindən bildirilib ki, geridə qalan müddətdə rayon Təhsil Şöbəsi onlarla əlaqə saxlamayıb.

 Qeyd edək ki, məlum hadisədən sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, doğulub-böyüdüyü rayonda da ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq, nazirlikdən öz rayonunda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib. Bu ilin aprelində isə nazirlik tədris ilinin başa çatmaq üzrə olduğunu bildirərək, məsələyə tədris ilinin sonunda baxılacağını bildirib.

S.Vəliyevanın ailəsindən bildirilib ki, Təhsil Nazirliyindən 23 yaşlı Saraya yenidən hadisənin baş verdiyi kəndə qayıdıb işləmək təklif edilib: “Onun iş yerinin dəyişdirilməsinə gəlincə, dedilər ki, yenidən imtahan verməlidir. Halbuki hadisədən bir il əvvəl imtahan yolu ilə işə qəbul edilmişdi və məhz Təhsil Nazirliyinin göndərişi əsasında Ağsunun Nuran kəndinə kimya müəllimi kimi göndərilmişdi, orada kirayədə yaşayırdı. Buna baxmayaraq, bizə heç cür kömək etmədilər. Məcbur qalıb qız işdən çıxmaqla bağlı ərizə yazdı”.

Təcavüzə məruz qalmış müəllimin ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya müraciət etdikdən sonra o, qurumun regional bölmələrindən birində işlə təmin edilib.

Xatırladaq ki, keçən ilin aprel ayının 19-da Ağsu rayon Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyeva Nüydü kənd sakini olan 4 nəfər tərəfindən zorla avtomobilə mindirilərək qaçırılıb. Səhər saatlarında müəllim dərsə gedərkən, kəndin ortasında qəfil avtomaşın dayanıb və onu zorla avtomobilə mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək, ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllim evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəllimə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq, müəllimi qaçırıb. Oğlanlar gənc müəllimi əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.

Hadisəni törətmiş 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbülfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu daha sonra tutulub. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllim ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.

Təhsil Nazirliyi keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində oğurlanan və cinsi təcavüzə məruz qalan 23 yaşlı müəllim Sara Vəliyevanın (ad şərtidir) işlə təmin olunacağı barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında bildirib ki, məsələ yaxın vaxtlarda həll ediləcək: “Qeyd olunan məsələ tam araşdırılıb. Xanım müəllim yaxın günlərdə işlə təmin olunacaq”.

 

Xəbər lenti