Bir neçə gün əvvəl itkin düşməsi haqda xəbər yayılan Xırdalan şəhər sakini, 13 yaşlı Cəfərov Ülvi Ruslan oğlu ötən gün tapılaraq, valideynlərinə təhvil verilib. 4 gün əvvəl evdən hazırlıq məqsədilə çıxan məktəblinin itməsinə səbəb kimi əyləncə istəyi göstərilib.
Mynews.az xəbər verir ki, Ülvinin anası Pünhan Cəfərova azvision.az-a bildirib ki, oğlu hər zaman tək olmaq, parkda gəzmək və kompüter oyunları oynamağa meyilli olub.
“Biz Ülvi itkin düşən gün şübhə elədik ki, o, bu istəklərini reallaşdırmaq üçün gedib. Lakin hava qaralanda artıq atası da, mən də qorxmağa başladıq. Həyətə, evə çoxlu adam yığılmışdı. Polis avtomobili da gəlmişdi. Ülvi tapılandan sonra dedi ki, həyətdə polis avtomobillərini görüb, qorxub və bu səbəbdən evə gələ bilməyib. Sonrakı günlərdə də gəlib evə baxırmış, həyəcandan içəri girə bilməyib”.
P.Cəfərova bildirib ki, oğlu 4 gün ərzində evlərinə yaxın yarımtikilidə qalıb: “Ülvinin üstündə həmişə pul olur. Atası onu pulsuz qoymur. Pul yığıb, özünə kompüter almaq istəyirdi. Üstündə pul olduğu üçün 4 gün mağazadan ərzaq alıb, yeyib. Ülvini sinif yoldaşının anası tapıb. Oğluna deyib ki, onu tut, qaçmasın. Sonra mənə zəng etdilər, gedib, Ülvini evə gətirdik”.
P.Cəfərova oğlunun qaçırılması ehtimalını qəbul etmədiyini deyib: “Onu heç kim qaçırmayıb. Həmin yerdə tək olub. Biz də üstünə çox getmirik. Hazırda səhhəti normaldır. Amma gələndə ac və halsız idi. İndi hər şey qaydasındadır”.