Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş vermiş dəhşətli ailə faciəsinin detalları məlum olub.
Qardaşı sevdiyi oğlanı öldürəndən bir həftə sonra canına qıyan 21 yaşlı Xəlilova Ayşən Azər qızının daha əvvəl bir dəfə ailəli olduğu məlum olub. Hələ 14 yaşında ailə quran Ayşənin bu uğursuz izdivacdan 2 azyaşlı oğlan övladı varmış. Gənc qadın övladları ilə birgə ata evinə qayıdıbmış. Daha sonra onun eyni küçədə yaşayan 28 yaşlı Tural Məmmədovla münasibəti yaranıb.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, Tural Məmmədov tərbiyəli gənc kimi tanınıb. Ayşən Xəlilova barəsində də xoşagəlməz fikir olmayıb. Lakin qızın 17 yaşlı qardaşı Həsrət Xəlilov onların münasibətindən xəbər tutandan sonra qəti etirazını bildirib və evdə dava-dalaş salıb. Daha sonra o, Turalı bıçaqlayaraq öldürüb.
Bu günlərdə Ayşən Xəlilova qardaşı tərəfindən öldürülən Turalın məzarı başında özünü öldürmək istəyib. Lakin buna imkan verilməyib və onu ata evinə gətiriblər. Daha sonra evdə nəzarətsiz qalan 21 yaşlı Ayşən özünü asaraq intihar edib.
Ayşən Xəlilova bu gün dəfn ediləcək. Onun qardaşı tərəfindən qətlə yetirilən Turalgildə isə bu gün yeddi mərasimidir. (lent.az)
***
Şəmkirdə faciəli hadisə olub.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şəmkirin Zəyəm qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb. A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahkar olmadığını qeyd edib.
O, qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyini, məhz buna görə canına qəsd etdiyini bildirib.
Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu Zəyəm qəsəbəsinin sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, Həsrət Xəlilov Tural Məmmədovu bacısı ilə yaxın münasibətlərdə olduğu üçün öldürüb.