Canavarlar kəndlərə hücum edirlər. Ən son belə hadisə Şəkidə və Mingəçevir şəhərində baş verib. Mütəxəssislər buna səbəb kimi vəhşi heyvanların yaşadıqları dağlıq və meşəlik ərazilərdə yem tapa bilməməsini göstərirlər. Bəs bu cür hadisələrdən qorunmaq üçün nə kimi tədbirlər görülməlidir? Bu barədə fikrilər var.
Son vaxtlar canavarların kəndlərə hücumu intensivləşib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl yırtıcı heyvanlar Şəkidə Çeşməli kənd sakini Oruc Məmmədovun şəxsi təsərrüfatına hücum ediblər. Canavarlar hündürlüyü 2 metrdən çox olan hasardan tullanaraq həyətdəki 8 qoyunu parçalayıblar. Bu hadisədən bir gün sonra isə bənzər vəziyyət Mingəçevirdə baş verib. Gecə saatlarında Ağasəlim Babayevə məxsus tövləyə daxil olan yırtıcılar 10-a yaxın iribuynuzluya zərər yetiriblər. Hadisə baş verən fermanın çobanının sözlərinə görə, yırtıcılar 1 baş iribuynuzlunu parçaladıqdan sonra, tövləyə girərək kiçik danaları da məhv etməyə cəhd ediblər. Bu zaman inəklər səs-küy saldığından çobanlar itlərin köməyi ilə canavarları qovmağa nail olublar.
Mütəxəssislərin sözlərinə görə, belə halların baş verməsinə səbəb canavarların məskunlaşdığı ərazilərdə özlərinə yem tapa bilməməsidir. Ekoloq Telman Zeynalov deyir ki, vəhşi heyvanların kəndələrə hücum etməsinə meşə sahələrinin qanunsuz zəbti və məhv edilməsi də rol oynayır.
Bəs belə halların qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq nə etmək lazımdır?. Mütəxəssislərin sözlərinə görə, dünya təcrübəsində də var ki, vəhşi heyvanların yaxınlıqdakı kənd və qəsəbələrə hücum etməməsi üçün ölü heyvan cəmdəklərini meşələrə atırlar ki, həmin canlılar qidalana bilsinlər. Amma bu təcrübə hələki bizdə mövcud deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin sektor müdri Raqub Mirzəyevbildirdi ki, canavarların kəndlərə hücumuna meşətrafı ərazilərin sakinlər tərəfindən zəbt edilməsi səbəbindən baş verir. İnsanlar evlərini vəhşi heyvanların məskunlaşdığı ərazilərdə tikirlər bu da həmin canlıların qaçması ilə nəticələnir. Sektor müdri onu da bildirdi ki, nazirliyin rayonlardakı ekologiya idarələrinin əməkdaşları bu cür yaşayış məntəqələrinə mütəmadi yoxlamalar apararaq kəndlilərə diqqətli olmalarını tövsiyyə edirlər.