“Qoca”nın zərərsizləşdirilməsi zamanı yaralanan şəxslə bağlı YENİ XƏBƏR

629
“Qoca”nın zərərsizləşdirilməsi zamanı yaralanan şəxslə bağlı YENİ XƏBƏR

“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan yaralanan dəstə üzvü Anar Əsgərov xəstəxanadan çıxarılıb.

Mynews.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

O bildirib ki, A. Əsgərova lazımi tibbi yardım göstərilib, onun səhhəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur: 

“Buna görə də dünən o istintaqa cəlb edilmək üçün xəstəxanadan çıxarılıb”.

Qeyd edək ki, oktyabrın 23-də Bakıya etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizləndiyi məlum olub.

Etibar Məmmədov və İlqar Əzimovun noyabrın 1-i saat 23 radələrində paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Adı çəkilən şəxslər polis əməkdaşlarının avtomobili polis postunda saxlamaq barədə tələbinə tabe olmayaraq avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

Əməliyyat qrupunun cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılıb. 

Ş. Bəyəlizadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti