Mahmudovun həbs olunan əmisi oğlu istintaqda nə danışıb?

623
Mahmudovun həbs olunan əmisi oğlu istintaqda nə danışıb?

Ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu, bir neçə gün öncə həbs edilən Vüqar Mahmudovun adı “MTN işi”ndə bir çox epizodlarda hallanırdı.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna baxmayaq, həmin vaxt V.Mahmudov istintaqa yalnız şahid qismində cəlb edilmişdi. O, qanunsuz işlərin heç birindən məlumatı olmadığını demişdi.

Müstəntiqə özü haqda məlumat verən V.Mahmudov bildirib ki, 1996-cı ildə İqtisad Universitetinin İqtisadiyyatın İdarəedilməsi fakültəsini, 2003-cü ildə isə Polis Akademiyasını bitirib. 1998-2013-cü illərdə Daxili İşlər nazirliyində mühasib işləyib. 2013-cü ildə isə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında rəis müavini vəzifəsinə təyin olunub. Burada isə 2 il işləyə bilib. “MTN olayları”ndan sonra, 2015-ci ilin sonlarında vəzifəsindən çıxarılıb. O, 2011-ci ildən ağ rəngli 90 MM 009 dövlət nömrəli nişanlı, “Nissan Patrol” markalı avtomobili idarə edir.

General Elçin Quliyevin məhkəməsində Eldar Mahmudovla qohumluq əlaqələrindən danışarkən isə “Eldar Mahmudov nazirim və əzizim olub” demişdi. 

Vüqar Mahmudovun adı cinayət işi üzrə bir neçə epizodda da hallanıb.

General Akif Çovdarovun cinayət işində agentlərə ayrılan pulların mənimsənilməsində iştirakçı kimi adı keçib. Lakin o ifadəsində bunu təkzib edərək Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün ona hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmadığını deyib.

Lakin təcridxanada özünü asaraq intihar edən polkovnik İlqar Əliyev etirafedici ifadəsində V.Mahmudovun başqa epizodda adını çəkib. O, 2015-ci il dekabr ayında verdiyi ifadəsi zamanı bildirmişdi ki, zərərçəkən Maqsud Mahmudovdan alınan 120 min dolların 70 mini nazir Eldar Mahmudovun tapşırığı ilə köməkçisi Vüqar Mahmudova verilib. 

Eldar Mahmudov

V.Mahmudov isə məhkəmədə ifadə verərkən fəaliyyət göstərdiyi vaxt ərzində heç kimin ona pul vermədiyini dedi: “Qanun çərçivəsində işləmişəm, tapşırıqları yerinə yetirmişəm”.

Lakin general Elçin Quliyevin cinayət işi üzrə istintaqa şahid qismində cəlb edilən V.Mahmudov bəzi mətləblərin üstünü açıb. 

O, nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olduğunu açıqlayıb: “O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələrim yarandı, birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi. Bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış etdim. Məqsəd o idi ki, bazarda digər siqaret qaçaqmalçılarının qarşısı alınsın. İlham bu işdə uzun müddət idi ki, çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham ölkəyə kimin siqaret gətirdiyini Rafiqə deyirdi. Rafiq də əməliyyat keçirib həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəklində qaytarırdı".

O, hətta bir neçə dəfə bu qanunsuz prosesin iştirakçısı olduğunu da etiraf edib: “İlhamın xahişi ilə bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".

Qeyd edək ki, bu ifadələr V.Mahmudovun həbs edildikdən əvvəlki, yəni “MTN işi”nin ilkin istintaqı zamanı şahid qismində dedikləridir.

Xəbər lenti