Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilərək həbs edilən Asif Həmidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.
Mynews.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Rəşad Abdulovun icraatında olan prosesdə vəsatət təmin edilməyib və A.Həmidov həbsdə qalıb.
Vəsatətdə qeyd edilib ki, hadisə baş verən gün, yəni 19 avqust 2017-ci ildə Asif Həmidov Sumqayıtda olub.
İttihama görə, Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanınevindən içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayınıb. Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli, Asif Həmidov, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov saxlanılıb.
Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb. Adıçəkilən şəxslər oğurluqla yanaşı, narkotik satışında da ittiham edilirlər.