USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Xalq artistinin oğlunun faciəli ölümü ailəsi Usubovdan yardım istədi

21:24 07.12.2017
Xalq artistinin oğlunun faciəli ölümü ailəsi Usubovdan yardım istədi
21:24 07.12.2017

13 güllədən 6-sı dəydiyindən hadisədən sonra cəmi 58 dəqiqə yaşadı

Bu gün Azərbaycan polisinin qorxmaz, cəsur nümayəndələrindən biri olan mərhum Daşqın Turabovun 55 yaşı tamam olur. Unudulmaz xalq artistimiz, məşhur"Gəray bəy"imiz Həsənağa Turabovun böyük oğlu idi Daşqın.

Daşqın Turabovun vaxtsız ölümü barədə İstiPress olaraq bir neçə dəfə yazmışıq. Siyəzən rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili işləyən Daşqın silahlı cinayətkarın qəfil açdığı güllənin qurbanı olub.

Hadisə 1997-ci il mart ayının 10-dan 11-ə keçən gecə Siyəzəndə baş verib. Siyəzən polis şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında rəis, indi DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə rəisi işləyən Zəfər Abiyevin rəhbərliyilə yaradılan 5 əməliyyat qrupu qanunsuz silah saxlayan şəhər sakini Əlişir Tağıyevi yaxalamalı idi. Əməliyyat qruplarından birində olan, qadın ailə üzvlərini 8 mart münasibətilə təbrik edib Bakıdan təzəcə qayıdan Daşqın Əlişirin yaşadığı ünvana çatanda qorxmadan irəli atılır və gözləmədiyi halda silahlı Əlişirin açdığı güllələrin hədəfinə çevrilir. Yoldaşları Əlişirin dərhal yaxalamağa müvəffəq olaraq Daşqını tez xəstəxanaya çatdırırlar. Silahlı cinayətkarın açdığı 13 güllədən 6-sı Daşqına dəydiyindən o cəmi 58 dəqiqə yaşadı hadisədən sonra.

Keçmiş yoldaşları deyir ki, Kərbalayi olan Daşqın Turabov həkimlərdən onu ölməyə qoymamağı xahiş edirdi, amma öləcəyini hiss edib kəlmeyi-şəhadətini oxuyub və keçinib. Daşqının vaxtsız və faciəli ölümündən sonra Siyəzən polis şöbəsinin həyətində Daşqın Turabovun büstü qoyulub və büstün 1998-ci ilin 28 may - Respublika günündə təntənəli şəkildə rəsmi açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, polis şöbəsinin əməkdaşları ilə yanaşı, Həsənağa Turabovun sənət dostları-indi həyatda olmayan mərhum xalq artistlərimiz Mikayıl Mirzə, Lütfü Məmmədbəyov, Həsən Məmmədov, Yaşar Nuri, Səyavuş Aslan, Əlabbas Qədirov, hazırda yaşayan Əminə Yusifqızı, Azərpaşa Nemətov kimi sənət dahilərimiz, tanınmış jurnalist İlham Rəhimli iştirak edib.

Həsənağa Turabov o vaxt artıq xəstə olduğundan özü gələ bilməmişdi. Büstün açılışında çıxış edən Siyəzənin o vaxtki icra başçısı Fizuli Hacıyev onun silahlı cinayətkarın tutulmasına qanı ilə,canı ilə şərait yaratdığını xüsusi vurğulamışdı və Daşqın Turabovun igidliyinin Azərbaycanın gənc polislərinə gözəl nümunə olduğunu demişdi. Elə həmin il -1998-ci ildə mərhum prezident Heydər Əliyev göstərdiyi şücaətə görə Daşqın Turabovu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edib və medalı daxili işlər naziri Ramil Usubov Turabovlar ailəsinin qızı Sevincə təqdim edib.

Daşqın Turavova verilmiş "İgidliyə görə" medalı

Daşqın Turavova verilmiş "İgidliyə görə" medalı

Sevinc Turabova deyir ki, bir müddətdən sonra Daşqının büstü yerindən götürüldüyünü eşitdik. Bu xəbər Daşqının ölümünə dözməyən atam Həsənağa Turabova və ailəmizə çox pis təsir etdi. Büstün hansı səbəbdən götürülməsi barədə nə o zaman, nə də indi bizə heç nə deyilmədi.

Bildirək ki, Daşqın Turabovun büstü uzun müddət Siyəzən polis şöbəsinin anbarında saxlanılıb və İstiPress işə qarışdıqdan sonra 2017-ci ilin aprel ayında büst qaydaya salınaraq təmizlənərək polis şöbəsində otaqların birinə qoyulub. Siyəzən polis şöbəsində Daşqın Turabovun xatirə guşəsi də təşkil edilib. Daşqın Turabovun doğum günündə Daşqın Turabovun büstünün taleyi ilə maraqlandıq. Bacısı Sevinc Turabova büstün hələ də yerinə qoyulmadığını, indi insulltdan əziyyət çəkən anası Solmazın tez-tez ondan büst barədə soruşduğunu, ailələrinin narahat olduğunu dedi: "Atam Həsənağa Turabov Daşqından sonra ürək xəstəliyinə tutuldu və 2003-cü ilin 3 fevral günündə dünyasını dəyişdi. Atam deyirdi ki, bu büstü niyə götürdülər? Bu, ona çox pis təsir eləmişdi."

İstiPress olaraq mərhum polis əməkdaşı Daşqın Turabovun büstünün nə vaxt yerinə qoyulacağı ilə maraqlandıq. Siyəzən polis şöbəsinin rəisi Valik Vəlimətov büstün hansı səbəbdən götürülməsi barədə məlumatsız olduğunu, büstün yenidən qoyulmasının isə onun səlahiyyətində olmadığını dedi. Siyəzən icra hakimiyyətinin baş memarı Səxavət Novruzov İstiPress-ə açıqlama verdi ki, quruma bu barədə heç bir müraciət daxil olmayıb, əgər daxil olarsa, biz Daşqın Turabovun büstünün rəsmi qaydalarla bərpa ediməsinə köməklik edə bilərik.

Sevinc Turabova qardaşının büstünün yerinə qoyulmasından ötrü Daxili işlər naziri Ramil Usubovdan kömək istədi: “Cənab nazirdən xahişimiz odur ki, atamın, qardaşımın narahat ruhunu sevindirsin, Daşqının büstü Siyəzən polis şöbəsinin ərazisinə qoyulsun. Polis şöbəsinin yerləşdiyi küçə elə Daşqının adını daşıyır."

Qeyd edək ki, rəhmətlik Daşqının keçmiş iş yoldaşlarından adı açıqlanmayan bir polis əməkdaşı material hazırlanarkən İstiPressə məlumat verdi ki, Daşqının büstünün bərpasını rəsmi qaydada həyata keçirilməsinə çalışacaq,onda adımı açıqlayarsınız.

Biz də buna ümid edək. Arzu edək ki, bu gün 55 yaşı tamam olan, 3 aydan sonra ölümünün 21 ili tamam olan, rəhmətlik Heydər Əliyevin "İgidliyə görə" medalı ilə təltif etdiyi Daşqın Turabovun büstü Siyəzəndə adını daşıyan küçədə qoyulacaq. O zaman səhnəmizin Gəray bəyinin də, Daşqının ruhu şad olar, ailəsinin isə nisgili də az da olsa azalar.

 


Xəbər lenti

300x200r