Arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Ramil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Mynews.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun icraatında araşdırılır.
İstintaqda müəyyən edilib ki, Ramil Şükürov 2003-cü ildə qeyri-rəsmi nikaha daxil olduğu Xəyalə Həsənovadan 2016-cı ildə ailə münaqişəsi zəminində ayrılıb. Birgə nikahdan onların 4 uşağı dünyaya gəlib.
Boşanan zaman Sumqayıt şəhər Məhkəməsində Ramil Şükürovdan hər uşağa 117 manat olmaqla 468 manat alimentin tutularaq Xəyalə Həsənovaya verilməsi ilə bağlı qətnamə qəbul edilib.
Xəyalə Həsənova alimenti tələb edəndə isə Ramil Şükürov qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.
Hadisə bu il iyunun 4-də baş verib. R. Şükürov avtomobili ilə gedərkən keçmiş həyat yoldaşını Sumqayıtda yerləşən “Ruzi” marketin yanında görüb və evə gedərək bıçaq götürüb.
O, Xəyalənin yaşadıqları Corat qəsəbəsinə gedəcəyini zənn edərək ondan qabaq mənzilin qarşısına gəlib. Xəyalə evə daxil olan zaman Ramil Şükürov qaynanası və 4 uşağının gözü qabağında keçmiş həyat yoldaşını xüsusi amansızlıqla, dəfələrlə bıçaq zərbəsi vuraraq öldürüb.
İstintaqda Ramil Şükürov ona qarşı verilən ittihamlar üzrə özünü təqsirli bilib.
O bildirib ki, Xəyalə ilə 2003-cü ildə iş zamanı mağazalarının birində rastlaşıb: “İşlə bağlı mağazaları gəzirdim. Birdən Xəyaləni gördüm, ondan xoşum gəldi. Bunu bir neçə gün sonra Xəyaləyə dedim. O da məni bəyəndi. Atam və anam ölmüşdü. Toy eləməyə imkanım yox idi. Xəyaləyə qaçmaq təklifini elədim. Razılaşdı. Onu qaçırdım. Bir müddət sonra isə öz qohumlarımı da Xəyalənin valideynlərinin yanına göndərdim. Barışıq elan edildi. Evliyimizdən 2 oğlumuz, 2 qızımız oldu. Özüm balıq işi ilə məşğul idim. Balıq tutub, aparıb onu satıb, ailəmi saxlamışam. Xoşbəxt, problemsiz ailəmiz olub. Arada məişət mövzusunda bir-iki problem olurdu. Xəyaləni mağazaya, uşaqların məktəbinə gedib gəlməyə qoymamışam. Sadəcə son illər işimin çoxluğundan hərdən buna şərait yaradırdım. Xəyalə evdar qadın olub, onu heç yerdə işləməyə qoymamışam”.
Ramil Şükürov qeyd edib ki, bir dəfə evdə yatan zaman telefonu yoxa çıxıb: “Həmin gün işə çıxmamışdım. Evdə yatmışdım, bu vaxt qapının açılmasını eşitdim, yuxudan ayıldım. Telefona baxmaq istədim ki, görüm kimsə zəng edibmi? Telefonumu tapa bilmədim. Xəyaləni səslədim. Gördüm evdə yoxdur. Onda bildim ki, Xəyalə telefonumu götürüb. Evdən çölə çıxdım. Qonşunun telefonu ilə öz nömrəmə zəng elədim. Gördüm məşğuldadır. Təxminən 40-45 dəqiqə dayanmadan öz nömrəmə zəng elədim, baxdım yenə məşğuldadır. Uşaqları qonşudan çıxan gördüm. Onlara analarını tapmaqlarını dedim. Bir müddət sonra Xəyalə qonşuluqda yaşayan ailəli qızla evə gəldi. Qız bir az oturdu. Bu vaxtı Xəyalədən heç nə soruşmadım. Bir-iki saat keçdi, qonşu evə getdi. Onda Xəyaləni çağırdım. Ondan harada olduğunu və telefonumla kimlə danışdığımı soruşdum. Xəyalə mənə dedi ki, telefonla o yox, qonşunun qızı danışıb. Bu zaman özümdən çıxdım. Xəyaləyə dedim ki, gedib o qızdan soruşacam. O isə bunun ayıb olduğunu, qıza heç nə deməməyimi xahiş elədi”.
Təqsirləndirilən şəxs istintaqda qeyd edib ki, həmin gün arvadını bərk döyüb: “İçim içimi yeyirdi. Nədənsə Xəyaləyə inanmağım gəlmirdi. Xəyaləni də götürüb, həmin qonşu qızgilə getdim. Qızdan mənim telefonumla danışıb, danışmağını soruşdum. Qız isə belə bir halın baş vermədiyini, mənim telefonumla heç kimlə danışmadığını dedi. Xəyaləni götürüb evə gəldim. Başladım onu döyməyə. Başına yumruqla zərbələr vurdum. Bir az keçdi, yenidən kimlə danışdığını soruşdum. Yenə inkar elədi, götürdüm qardaşı Ruslana zəng elədim. Ruslan evə gəldi. Məsələni ona nəql elədim. Ruslan telefonumu götürüb, həmin vaxtı hansı nömrələrə zəng getdiyinə baxdı. Bir nömrə tapdıq. Zəng elədik, həmin nömrəyə zəng çatmadı. Qardaşı ilə birlikdə “Bakcell”ə getdik. Orda bizə dedilər, nömrə işləkdir, sadəcə koda qoyulub. Evə qayıtdıq, Xəyaləni yenə döydüm. Bundan sonra onun atası Kamil gəldi. Qızını gördü. Mənə dedi ki, Xəyaləni həkimə aparacaq, müalicə etdirib, qaytarıb evə gətirəcək. İcazə verdim”.
Ramil Şükürov bildirib ki, Xəyalənin ona xəyanət etməsini həzm edə bilməyib: “3-4 gün keçəndən sonra atasıgilə getdim. Qapını döydüm, açmadılar. Bir müddət sonra atası çölə çıxdı. Mənə qızı verməyəcəyini, bir də bu qapıya gəlməməyimi tapşırdı. Lakin mən Xəyalənin mənə etdiyi xəyanəti bağışlaya bilməzdim. Onu öldürmək istəyirdim, ona görə də Xəyalə ilə telefonla danışıb evə qayıtmasını istəyirdim. Məqsədim onu öldürmək olub. Lakin Xəyalə evə qayıtmadı. Öz-özlüyümə and içdim ki, Xəyaləni harada görsəm, öldürəcəm. Üstündən bir il keçdi, Xəyalə sanki onu öldürəcəyimi bilirdi, çölə çıxmırdı”.
Keçmiş arvadını öldürən şəxs bildirib ki, bir gün ona Sumqayıt şəhər Məhkəməsindən zəng gəlib: “Həmin şəxs özünü məhkəmənin icra şöbəsinin əməkdaşı kimi təqdim elədi. Bildirdi ki, Xəyalə məni alimentlə bağlı məhkəməyə verib. Məhkəmə də aliment kimi aylıq 400 manatdan çox pul kəsib. İcraçıya dedim ki, imkanım yoxdur. O qədər məbləğdə pul verə bilməyəcəm. Əslində pulum da olsaydı, ödəmək kimi bir fikrim yox idi. Çünki Xəyaləni öldürmək niyyətimdən əl çəkməmişdim. Gecələr yuxularım qarışırdı, onun xəyanətini həzm edə bilmirdim. Onu harada görsəydim, öldürəcəkdim”.
R. Şükürov qeyd edib ki, hadisə günü Corat qəsəbəsində keçmiş həyat yoldaşını görüb: “Maşınla keçirdim, Xəyalənin mağazaya girdiyini gördüm. Fikirləşdim ki, həmin gün gəlib çatıb. Tez evə gedib, mətbəx bıçağını götürdüm. Maşını tez sürüb, Xəyalənin atasının evinin qabağına gəldim. Uzaqdan gördüm ki, Xəyalə gəlir. Həmin vaxt gözümü qan bürümüşdü. Bu zaman Xəyalənin anası Elzanın səsini eşitdim. O, qızına “qorxma, qələt edir” dedi. Mən də “düz deyirsən, məndən niyə qorxasan ki?” dedim. Gözümü o qədər qan bürümüşdü ki, heç Elzanın üzünü görmürdüm. Ancaq qulağıma səsi gəlirdi. Xəyaləyə tərəf iri addımlarla getdim, şalvarımın dalından bıçağı çıxartdım. Bıçaqla ona dəfələrlə zərbələr vurdum. Lakin neçə dəfə vurduğumu, hansı yerindən vurduğumu xatırlamıram. Onu öldürdüyümə əmin də ola bilmədim. Çünki özümdə deyildim, oradan necə getdiyimi, haralarda olduğumu bilmirəm. Heç bilmirdim, Xəyalə ölüb, ya yox…”.
Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və Ramil Şükürovla aralarında uzun müddətdir mübahisənin olduğu ortaya çıxıb. Hadisəni törədən Ramil Şükürov özü könüllü olaraq polis idarəsinə gəlib və hər şeyi olduğu kimi etiraf edib.
Qeyd edək ki, qətl Sumqayıtda Corat qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini 35 yaşlı Ramil Şükürov keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 17 bıçaq zərbəsi vurub.