Bakıda çay evindən qarət edən şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs oğurladığı musiqi alətini satmaq üçün onlayn alış-veriş saytlarında yerləşdirib. Oğurluq əşyaların portallarda satılması faktı bəzi sualları ortaya çıxarır. Bəs buna kim cavabdehdir?. Əməkdaşlarımız faktdan yola çıxaraq məsələnin bu tərəfini də araşdırıblar.
Oğurladığı musiqi alətini onlayın alış -veriş saytında satışa çıxaran şəxs tutulub.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, həmin şəxsi Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşları saxlayıb. Zərərçəkmiş şəxs polisə məlumat verib ki, Balaxanı qəsəbəsində yerləşən çay evi qarət edilib. Obyektdən 2 ədəd ''playstation" kompyuteri, 1 ədəd skripka musiqi aləti və 3 ədəd suvenir qəlyan dəsti oğurlanıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımovu tutub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını və gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluq etdiyini deyib. Qeyd edək ki, Elşad Qasımov hadisədən sonra oğurladığı əşyaları satmaq üçün onların şəkilini çəkərək onlayn alış-veriş saytlarında yerləşdirib.
Qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.
Baş vermiş hadisə oğurluq əşyaların internet portallarında rahatlıqla satılması məsələsini günədmə gətirir. Hüquqşünas Xəyal Bəşirov deyir ki, burda məsuliyyət onlayn alış-veriş saytlarının üzərinə düşür. Çünki, hansısa bir əşyanı sayta yerləşdirərkən vətəndaşdan ad, soyad və yaxud da satışa çıxardığı məhsulun sənədi tələb edilmir.
Həmin əşyanı alan şəxsə qaldıqda isə hüquqşünas bildirir ki, mütləq aldıqları şəxsdən əşyanın sənədini tələb etsinlər. Çünki oğurluq əşyanın sənədi adətən olmur.