USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

104 yaşlı çeçen qarını Kərbəla adına Gədəbəyə göndərdilər, küçədə tapıldı

18:04 05.01.2018
104 yaşlı çeçen qarını Kərbəla adına Gədəbəyə göndərdilər, küçədə tapıldı
18:04 05.01.2018

Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib.

Mynews.az xəbər verir ki, bu barədə virtualaz.org saytına qadına sığınacaq verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Pasport məlumatlarına görə düz 104 yaşı olan Mədinə Əliyevanı Gədəbəy rayon Polis İdarəsinin əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. 1 əsrdən çox yaşamış qadına Gədəbəydə ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

İctimai birliyin rəhbəri Mehriban Zeynalova deyib ki, sənədlərində Mədinə Əliyevanın 1914-cü ildə doğulduğu qeyd edilir. Qadın Rusiya vətəndaşıdır, Çeçenistanda qeydiyyatdadır, lakin Azərbaycan dilində sərbəst danışır. O, Gədəbəyə necə gəldiyini xatırlamır.

Mədinə Əliyeva çətin həyat sürdüyünü deyir, bildirdiyinə görə sovet dövründə sürgün edilib, övladı olmayıb. “Anam çeçen, atam ərəbdir. Məkkədə doğulub, böyümüşəm. Sonradan anam məni götürərək Çeçenistana qayıdıb. Oradan isə sürgün edilmişik”, - Mədinə Əliyeva özü barədə bunları deyib.

Danışdıqlarına əsasən Çeçenistanda Mədinə Əliyevaya atasının dostu sahib çıxıb. 15 yaşında ərə verilib. Lakin övladı olmayıb, həyat yoldaşı dünyasını dəyişəndən sonra alverlə dolanıb. Əliyeva deyir ki, Azərbaycandan mal alaraq Çeçenistanda satırmış. Son 2 ilə qədər Azərbaycana mütəmadi gəlib-gedib, dilimizi də elə alverçilərdən öyrənib.

Mehriban Zeynalova bildirib ki, Mədinə Əliyeva Çeçenistandan Kərbəla ziyarətinə getmək üçün yola çıxdığını, lakin 3 qadın tərəfindən aldadılaraq Azərbaycana gətirildiyini deyir. Bildirir ki, 200 dollar pulu, sənədləri və qulağındakı qızıl sırğalar oğurlanıb.

“Mədinə Əliyeva izahatında göstərib ki, qulaqlarındakı sırğa, pul və sənədlərini 3 qadın götürüb. Onu Gədəbəyə niyə apardıqları da bəlli deyil. Hazırda araşdırma aparılır”, - M.Zeynalova əlavə edib.

M.Əliyeva yeriməkdə çətinlik çəkir, kömək olmadan yemək yeyə, özünə baxa bilmir. Buna baxmayaraq, Çeçenistanda evi olduğunu, geri qayıtmaq istədiyini deyib. Buna görə də, o, Bakının Xətai rayon ərazisində yerləşən Tereza Ana sığınacağına köçürülüb. Onun Çeçenistana köçürülüb-köçürülməyəcəyi yaxın günlərdə bəlli olacaq.


Xəbər lenti

300x200r