Estoniyanın İda-Viruma qəza məhkəməsi 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, əvvəllər Tallindəki “Bakı”, “Şeş-beş” və “Kiş-miş” restoranlarının sahibi olmuş 38 yaşlı azərbaycanlı Əhliman Zeynalovun vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb.
Mynews.az xəbər verir ki, bu barədə ERR.ee xəbər portalı yanvarın 9-da xəbər yayıb.
Məhkəmə vaxtından əvvəl sərbəst buraxılma ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməkdən savayı, Zeynalovun, qızı və həyat yoldaşının yaşadığı Azərbaycana deportasiyasını qət edib.
Əhliman Zeynalov 3 dekabr 2007-ci ildə Estoniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Növbəti gün irimiqyaslı beynəlxalq narkotik vasitə ticarəti ilə məşğul olan şəbəkəni təşkil etmə ittihamı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
2010-cu ilin mart ayında Haryus qəza məhkəməsi Zeynalovu 14 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Son hökm 2011-ci ilin yanvar ayında qüvvəyə minib. Belə ki, dövlət məhkəməsi Əhliman Zeynalovun vəkilinin kassasiya şikayətini təmin etməyib.
Dövlət Prokurorluğunun məlumatına görə, Zeynalov 2005-ci ilin avqust ayında əlbir olduğu şəxslərlə birgə Niderlandddan Estoniya ərazisinə ümumi dəyəri 18.5 milyon kron olan altı kiloqram marixuana və 40 kiloqram həşiş keçirib.
Məhkəmə Zeynalovun üzərinə 115 milyon kron, təxminən 735 min avro məbləğində pulun ödənilməsi ilə bağlı öhdəlik qoyub.
2009-cu ilin yanvar ayında Bakıya etdiyi rəsmi səfər zamanı Estoniya prezidenti Tomas Hendrik İlves Əhliman Zeynalovun məhkəmə prosesinin siyasiləşdirildiyini hesab edən bir qrup yerli sakinin təşkil etdiyi etiraz aksiyası ilə qarşılanıb.