"Qubada itkin düşən alpinist dostlarımızla sonuncu əlaqəmiz onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olmuşdu".
Mynews.az-ın məlumatına görə, bunu Trend-ə alpinist Camal Qaşqay deyib.
C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: “Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib”.
O qeyd edib ki, itkin düşən alpinistlər səfərə getməzdən əvvəl lazımi sənədləşdirmə və yoxlama işlərini həyata keçirmişdilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər müvafiq qurumlardan lazımi icazə almışdılar.
Alpinistin sözlərinə görə, qrup yaxşı təchizatlanmışdı və onlardan ikisi kifayət qədər təcrübəyə malik idi.
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.