Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi başlayıb.
Mynews.az qafqazinfo-ya istinadə xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
R. Rəhimovun qanuni nümayəndəsi, atası Akif Rəhimov səhhəti ilə bağlı xarici ölkədə əməliyyat olunub. Buna görə də prosesdə iştirak edə bilməyib.
R. Rəhimovun anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, o 2017-ci il dekabrın 4-də həbs edilib.
2000-ci ildə Yevlax rayonunda anadan olan R. Rəhimov qəza törətdiyi zaman Bakı Dövlət Universitetinin Beynəlxaq Münasibətlər və İqtisadiyyat fakültəsində təhsil alırmış.
A. Rəhimova məhkəmədə iştirak etmədiyi üçün proses yanvarın 30-da davam etdiriləcək.
Məhkəmədə bildirilib ki, R. Rəhimovun barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti fevralın 2-də başa çatır.
Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib.
R. Rəhimov "Jeep Grand Cherokee" markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. R. Rəhimov isə hadisə yerindən qaçıb.
R. Rəhimov Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilir.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunub.
Qəza zamanı vəfat edən, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı, "Xırdalan Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə "Yeganə" şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.