Mingəçevirdə iki nəfər xəstə kişiyə təcavüz etdi CİNAYƏT

631
Mingəçevirdə iki nəfər xəstə kişiyə təcavüz etdi CİNAYƏT

Zorlamada təqsirli bilinən Ağcabədi rayon sakini, 1960-cı il təvəllüdlü Afiq Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az xəbər verir ki, Afiq Yusifov 2009-cu ilin yay aylarında Mingəçevir şəhər 2 saylı orta məktəbin binasında müvəqqəti məskunlaşıb və Mingəçevir qaz istismar sahəsində işləyib.

Afiq Yusifov psixopatabənzər davranışla müşayiət olunan və yüngül kəmağıllıq xəstəliyindən əziyyət çəkən Şəmi Babayevlə (ad və soyad şərti verilib H. Z.) tanış olub. Onlar 8 avqust 2015-ci ildə Mingəçevir şəhəri H.Əliyev prospektində məcburi köçkünlər üçün salınmış 502 saylı yaşayış massivindəki 3 saylı binanın zirzəmisinə gəliblər. Orada Afiq Yusifov Şəmi ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq, onu zorlayıb. O, daha sonra bir neçə dəfə Şəmiyə qarşı seksual xarakterli hərəkətlər edib.

“Cinsi əlaqədə olmamışam”

İstintaq orqanı bu əməli ilə Afiq Yusifovu Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Afiq Yusifov ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Şəmi Babayevi uzun müddətdir xəstə bir insan kimi tanıyıb: “Şəmi Mingəçevir Qaz İstismar Xidmətinin ərazisində təmizlik işləri görüb, həmin idarənin əməkdaşlarının müxtəlif buyruqlarını yerinə yetirib və bunun müqabilində ona 50-60 qəpik, 1 manat pul verilib. İstər 2009-cu, 2013-cü, 2014-cü illərdə müxtəlif yerlərdə, istərsə də 2015-ci ilin avqust ayının 8-də yaşadığım evin zirzəmisində onunla cinsi əlaqədə olmamışam, ona qarşı seksual xarakterli hərəkətlər etməmişəm”.

“Əxlaqsız hərəkətlər edilməsi mümkün deyil”

Afiq Yusifov qeyd edib ki, 2007-ci ildən cinsi əlaqəyə girə bilmir: “Şəmi Babayevlə hər hansı bir formada cinsi əlaqəyə girməm mümkün deyil. İstifadəmdə iş materiallarında olan mobil telefon nömrəm olub, başqa telefon nömrəsi istifadə etməmişəm. Avqustun 8-də həyat yoldaşım Samirənin (ad şərti verilib H. Z.) təklifi ilə binanın zirzəmisində olan daş və şüşə qırıqlarını yığmaq, eləcə də orada təmizlik işləri aparmaq üçün Şəmini saat 7-8 radələrində telefonla çağırdım. Sonra onu evə göndərdim. Özüm isə növbədə olmuşam. Şəmi evə gedəndən sonra həyat yoldaşım binanın zirzəmisini açıb və təmizlənəcək yeri ona göstərib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, növbədən çıxaraq iş paltarında evə gəlib: “Bu zaman Şəminin işlədiyini gördüm, səliqəli iş görmədiyi üçün ona 50 qəpik verdim və evlərinə yola saldım. Zirzəminin qapısının açarı həyat yoldaşımda, qonşularda, bir də Mənzil İstisimar İdarəsində olub. Həmin yerdən hamı istifadə edib. Zirzəminin qapısı həyətə doğru açılır, oradan “besetka” görünür. Hər vaxt “besetka”da adamlar olur. Həm də Şəmi iş görən zaman həyat yoldaşım zirzəmiyə düşüb-çıxırdı. Həmin yerdə hər hansı bir əxlaqsız hərəkətlər edilməsi mümkün deyil”.

“Ərizənin geri götürülməsi üçün 20 min manat istəyiblər”

Afiq Yusifovun sözlərinə görə, zirzəmidə başqa şəxslərin də paltarları olur: “Həmin gün idman paltarında olmamışam. İdman paltarımı, köynəyimi avqustun 12-də keçirilmiş iclasdan sonra həyat yoldaşım zirzəmiyə qoyub. Orada əski parçası olmayıb. Sperma olan əski parçasının haradan əldə olunmasını bilmirəm. Ərizəni geri götürmək üçün Şəmi və onun qohumları dəfələrlə 20 min manat pul istəyiblər. Hətta həmin pulun istənilməsinə dair telefon danışıqlarını məhkəməyə təqdim etmişəm. Şəmi ifadəsində Aydın Hacızadənin onunla dəfələrlə cinsi əlaqədə olmasını, sonuncu dəfə isə 3-4 avqust 2015-ci ildə evində cinsi əlaqədə olması faktları istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı dəfələrlə bildirmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Aydın Hacızadəyə Şəmi Babayevlə 3-4 avqust 2015-ci ildə cinsi əlaqədə olması və sonuncuya qarşı seksual xarakterli hərəkətlər etməsinə dair ittiham verilməyib: “Ona görə ki, Şəminin döş nahiyəsində olan qızartı, göyərti və qançırların 8 avqust 2015-ci ildə saat 8:00 radələrinə edilməsi əsası yaradılsın. Şəmi Babayev Aydın Hacızadə tərəfindən dəfələrlə zorlanmasını bildirsə də, ona ancaq bir epizod üzrə ittiham verilib. Zirzəmidən götürülmüş maddi sübutlar - idman şalvarı, köynək, əski parçası mənə məxsus deyil”.

“Zərərçəkmiş təsvir edə bilməyib”

Afiq Yusifov bildirib ki, Şəmi Babayevin ifadəsi yerində yoxlanılan zaman isə çəkilmiş şəkillərdən orada iki ədəd əski parçası, boz rəngli iki ədəd əl dəsmalı, idman şalvarı və köynək olması görünür: “Lakin bir ədəd qırmızımtıl-çəhrayı rəngli əski parçası götürülüb. Halbuki, Şəmi zirzəmini təmizləyən zaman orada həmin əşyalar olmayıb. Həmin əşyaların orada olmasını Şəmi ilkin izahatlarında, ifadələrində deməyib”.

Təqsirləndirilən şəxs Şəmi Babayevin 20 avqust tarxidində verdiyi ifadəsinin öyrədilmiş olduğunu, həmin ifadəni verən zaman ona şər atıldığını deyib: “Zərərçəkmiş bildirib ki, zirzəmidə əski parçası olub, həmin əski parçası ilə cinsi əlaqədə olandan sonra guya təmizlənmişik. Lakin həmin əski parçası zərərçəkmiş şəxsin ifadəsində təsvir edilməyib. Avqustun 24-də Şəmi Babayevin ifadəsi yerində yoxlanan zaman onun, ailə üzvlərinin, ərazi nümayəndəsinin, hal şahidlərinin iştirakı olmadan əski parçası, idman şalvarı və köynək götürülüb. Halbuki, hadisə yerinin fotoşəkilindən görünür ki, orada iki ədəd çəhrayı rəngli əski parçası və iki ədəd boz rəngli əski parçası, habelə idman şalvarı və köynək olub. Müstəntiq haradan bilə bilərdi ki, həmin əski parçalarından yalınz götürdüyündə sperma var. Bu fakt da onu göstərir ki, müstəntiq əvvəlcədən həmin əski parçasının ora qoyulmasını təşkil edib”.

“Sandığın üstündə mənimlə cinsi əlaqədə oldu”

Zərərçəkmiş Şəmi Babayevin ifadəsinə görə, 2009-cu ilin yay aylarında Afiq Yusifov Mingəçevir şəhər 2 saylı orta məktəbin müvəqqəti məskunlaşdığı otağında, təkrarən 2010-cu, 2011-ci, 2012-ci illərdə müxtəlif yerlərdə, habelə 2013-cü ilin qış aylarında işlədiyi Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir xidmət sahəsinin inzibati binasının mətbəxində, 2014-cü ilin yay aylarında işlədiyi Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir xidmət sahəsinin inzibati binasının paltar dəyişmə otağında, 8 avqust 2015-ci ildə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospektində 502 saylı məcburi köçkünlər üçün salınmış yaşayış massivindəki 3 saylı binanın zirzəmisində onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Şəmi Babayev qeyd edib ki, hər dəfə Afiq onunla belə hərəkətlər edəndən sonra ona 40-50 qəpik pul verib və bu barədə heç kəsə heç nə deməməyi tapşırıb: “Mən də Afiqdən qorxduğum üçün onun etdiyi hərəkətlər barədə heç kəsə danışmamışam. Avqustun 8-də, səhər saat 8:00 radələrində Vüsaldan 20 qəpik alaraq avtobusla Afiqin yaşadığı evə getmişəm. Afiq evinin qarşısında məni qarşılayıb və zirzəminin qapısını açaraq məni zirzəmiyə saldı. Orada məni sandığın üstünə yıxaraq qeyri-təbii yolla cinsi əlaqədə oldu. Sonra mənə qarşı əxlaqsız hərəkətlər etdi (zərərçəkmiş ifadəsinin bu hissəsində Afiq Yusifovun etdiyi hərəkətləri çılpaqlığı ilə danışıb. Bu səbəbdən ifadənin həmin hissəsini dərc etmirik – red.)”.

“Narazılığımı bildirsəm də, mənimlə cinsi əlaqədə oldu”

Şəmi Babayev qeyd edib ki, Afiq ona qarşı seksual hərəkətlər edəndən sonra birbaşa qaz idarəsinə gedib: “Hər dəfə mənimlə cinsi əlaqədə olmaq üçün Afiq telefon vasitəsi ilə çağırıb. Afiqdən başqa, eyni hərəkətləri mənə qarşı Aydın Hacızadə də edib. 2014-cü ildə Aydın ilk dəfə mənimlə Mingəçevir şəhərində qaz idarəsində işdə olarkən gündüz vaxtı idarədə heç kim olmayanda mətbəx otağında qeyri-təbii yolla cinsi əlaqədə olub. Aydın çaydanı su ilə doldurmaq adı ilə mənə mətbəxə göndərib, sonra özü mətbəxə gələrək məni hədələyib, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan başqa, Aydın mənimlə yaşadığım Mingəçevir şəhəri Ə.Vahid küçəsində “Futçik” adlanan yerdə yerləşən beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən özünə məxsus mənzilin yataq otağında qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt ona öz narazılığımı bildirmişəm. Aydın bütün bunlara baxmayaraq mənimlə əlaqədə olub”.

“Mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi”

Şəmi Babayev qeyd edib ki, sonuncu dəfə, yəni 2015-ci ilin avqust ayının 3-4 tarixində saat 13 radələrində Aydın işlətdiyi telefon nömrəsi ilə zəng edərək onu Mingəçevir şəhəri A.Məmmədov küçəsində 16 saylı orta məktəbin yaxınlığında yerləşən 5 mərtəbəli binanın 1-ci blokunun beşinci mərtəbəsində yeni aldığı mənzilinə çağırıb: “Aydın Hacızadə mənə dəmir metal qırıntıları vermək istədiyini dedi. Bu adla məni aldadaraq öz yaşadığı binanın yaxınlığına çağırdı. Oraya gəldikdən sonra Aydın mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Aydına narazılığımı bildirdim. Lakin Aydın məni hədələyərək öz mənzilinə çıxartdı. Aydın mənə hədə-qorxu gəldi. Qorxumdan qeyri-təbbi yolla cinsi əlaqədə olmuşam. Afiq və Aydın hər biri mənimlə elə hərəkətlər edərkən bədənimin müxtəlif nahiyələrində xəsarətlər almışam, sinə və döş nahiyəmdə qançır, göyərti əmələ gəlib”.

Bəraət hökmü ləğv edildi, ittiham hökmü çıxarıldı

Şəki Ağır Cinayətlər Məhkəməsi hökm qəbul edən zaman təqsirləndirilən Afiq Yusifovun zərərçəkmişə qarşı seksual xarakterli hərəkətlər etməsini sübuta yetirə bilməyib. Bu səbəbdən məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Bu hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq Afiq Yusifovun barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini, ona Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə ittiham verilməsini və cəzalandırılmasını istəyib.

Prokurorluğun protesti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya protesti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası prokurorluğun protestinin dəlillərini araşdırandan sonra birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Afiq Yusifovun barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Afiq Yusifov 4 il 2 ay 5 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən Afiq Yusifovun barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.

Zərərçəkmişin digər işindən xatırlatma

Qeyd edək ki, cinayət işində adı keçən Aydın Hacızadənin barəsində olan cinayət işi ayrıca icraatda araşdırılıb. 1960-cı il təvəllüdlü Aydın Hacızadə Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham edilib. Təqsirləndirilən şəxs qismində ifadə verən Aydın Hacızadə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, evlidir və əvvəllər məhkum olunmayıb. Zərərçəkmişi 2007-ci ildən tanıdığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş onun əvvəllər işlədiyi Mingəçevir şəhər qaz istismar sahəsinin yaxınlığında yerləşən binada yaşayır və həmin qaz idarəsinə tez-tez gəlib: “Qaz istismar sahəsində işləyən işçilər ona buyruq edərək, təmizlik işləri gördürürdülər. Mən də hamı kimi zərərçəkmişi müxtəlif işlərə buyurmuşam. Zərərçəkmiş ailəli olub və heç bir yerdə işləməməsinə görə qaz idarəsinin işçiləri, eləcə də özüm ona tez-tez xırda pul vermişəm. Zərərçəkmiş də bizim buyruğumuzu yerinə yetirib”.

Aydın Hacızadə həmçinin ifadəsində qeyd edib ki, qaz istismar sahəsində 2007-ci ildən 2014-cü ilin dekabr ayına qədər çilingər vəzifəsində işləyib: “2015-ci ildən isə regional Bərdə rayon qaz idarəsində çilingər vəzifəsində işləməyə başlamışam. Həmin dövrdən sonra Şəmi ilə nadir hallarda rastlaşmışam. Onun izahatında yazdıqları böhtandır. Psixi xəstə olduğu üçün ona köməklik göstərmişəm”.

Aydın Hacızadənin cinayət işi Mingəçevir şəhər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Aydın Hacızadə 1 il 11 ay 21 gün müddətinə islah işləri cəzası alıb. Hökmdən prokurorluq apelyasiya protesti verib.

Prokurorluq Aydın Hacızadənin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluğun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya protesti hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Şikayətin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, prokurorluğun protesti təmin edilib və Mingəçevir şəhər Məhkəməsinin hökmü ləğv edilib, Aydın Hacızadənin barəsində yeni hökm çıxarılıb.

Hökmə əsasən, Aydın Hacızadə 2 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. (Teleqraf.com)

Xəbər lenti