Həkim Bakıda xəstənin gözünün çıxarılmasına aydınlıq gətirdi

579
Həkim Bakıda xəstənin gözünün çıxarılmasına aydınlıq gətirdi
Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan xəstələrdən birinin gözü çıxarılıb.Bu haqda xəsarət almış xəstə 51 yaşlı Mürvət Səfərovun qardaşı Allahverdi Səfərov şikayət edib.
 
Allahverdi Səfərov bildirib ki, qardaşı artıq neçə ildir idarəolunmaz vəziyyətdə olduğundan ruhi dispanserdə müalicə alır. Hadisə isə fevralın 26-da səhər saat 10.00 radələrində baş verib: "Qardaşımın sol gözünə xəsarət yetirərək çıxarıblar. Hadisənin kim tərəfindən törədildiyini dəqiq bilmirik. Bir müddət əvvəl də qabırğası sınmışdı”.
 
A.Səfərov əlavə edib ki, qardaşı Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda əməliyyat olunub: "Xəstəxanadan çıxandan sonra güman ki, qardaşımı yenidən həmin dispanserə qaytarmalı olacağıq. Çünki evdə baxılası durumda deyil. Amma artıq daha da narahatıq. Bu hadisə qardaşımın və digər xəstələrin tam təhlükəsiz şəraitdə olduqlarını şübhə altına alır”.
 
Mynews.az BAKU.WS-ə istinadən xəbər verir ki, dispanserin baş həkim müavini Sevinc Cəmilqızı Ailem.az-a bildirib ki, hadisə M.Səfərovun otaq yoldaşı tərəfindən törədilib: "Bazar günü M.Səfərovun otaq yoldaşı psixi durumu ilə əlaqədar ona əl qaldırıb. Əl qaldırarkən xəstə göz nahiyəsindən xəsarət alıb. M.Səfərova köməklik göstərilib, lazımi tədbirlər görülüb. Xəstə Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda gözündən cərrahi əməliyyat olunub. Həkimlə də əlaqə saxlamışam və bildirilib ki, xəstənin görməsi bərpa olunub, durumu qənaətbəxşdir. Vəziyyəti yaxşı olduqdan sonra yenidən mərkəzimizə gətirəcəyik”.
 
Baş həkimin müavini deyib ki, hadisə ilə bağlı akt da tərtib olunub və aktda qeyd edilib ki, bu fəsad xəstələr arasında münaqişə olan zaman yaranıb: "Hadisə xəstə oyanıq vəziyyətdə ikən bir saniyənin içində olub. Xəsarət yetirən xəstə oyanıq durumda olub. Oyanıq durumda olan xəstəni heç 10 nəfər belə, saxlaya bilmir. Hərdən elə olur ki, verdiyimiz dərmanlar xəstəyə təsir etmir. Həmin vaxt xəstənin əynində xüsusi geyimi də olmayıb. Elə onu geyindirərkən anidən o biri xəstəyə yumruq atıb. Şikayət edən hər bir valideyn buranın ruhi dispanser olduğunu və  xəstələrin durumunu nəzərə almalıdır. Heç bir həkim istəməz ki, xəstəsinə nəsə olsun”.
 
S.Cəmilqızı qeyd edib ki, 1 saylı Ruhi Əsəb Dispanserində hazırda 2 min 242 xəstə qeydiyyatdadır.
 
Baş verən hadisəni professor, tibb üzrə ekspert Adil Qeybulla Teleqraf.com-a şərh edib.
 
Adil Qeybullanın sözlərinə görə, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində xəstələrdən birinin gözünün çıxarılması, xəstəxanada daxili qaydaların pozulması deməkdir: "Çünki, həmin dispanserdə əsasnamə təşkil edilib. Ətraf aləmi real qavramayan, gözünə nəsə görünən, qulağına səs gələn və s. insanlar orada müalicə alır. Bu cür şəxslərdən bəziləri özlərindən asılı olmayaraq, potensial cinayət törətməyə qadirdilər. Onun üçün bu cür xəstələrlə seçim davranışı lazımdır. Onlar xəstəxanaya daxil olduqdan sona onlara terapiya aparılır, dərmanlar təyin edilir. Həmin vaxt onların təhlükəsizliyi təmin olunmalıdır”.
 
Ekspert bildirib ki, həmin şəxslər nəyinki xəstələrə, hətta tibb işçilərinə də zərər vura bilərlər: "Cinayət belə törədə bilərlər. Bunun üçün diqqətli olmaq lazımdır. Onların yatdığı çarpayı, istifadə etdiyi alətlər belə yoxlanmalıdır. Həmin hadisə laqeydlikdən, səhlənkarlıqdan baş verib. Bu cür xəstəyə daim diqqət edilməlidir. Bu hadisə konkret kriminal hadisədir. Düşünürəm ki, məsələ araşdırılmalıdır və ölçü götürülməlidir”.

Xəbər lenti