Bərdə Rayon Mərkəzi Xəstəxanasın Doğum şöbəsində ötən gecə baş verən uşaq ölümünün səbəbi bəlli olub. Bu barədə Publika.az-a məlumat verilən şöbənin baş həkimi Tünzalə Quliyeva doğuş zamanı göbək ciyəsinin uşağın boğazına iki dəfə dolandığını deyib:“Hamiləliyin 39-40-cı həftəsində idi, doğuş üçün normal vaxt idi. Qadın şöbəyə 2-ci dövr doğuşla gətirilmişdi. Doğuş zamanı göbək ciyəsi uşağın başına dolandığından bərk boğulma müşahidə edilib. Düzdür, o doğulanda zəif də olsa ürək döyüntüləri var idi, həkimlərimizin bütün cəhdlərinə baxmayaraq onu xilas edə bilmədik”. Baş həkim bildirib ki, ana 22 yaşlı Mənzər Məmmədova hamiləlik müddətində uşağın göbək ciyəsinin boğazına dolandığından xəbərdar olub: “Ana hamiləlik müddətində 3 dəfə ultrasəs müayinəsindən keçib. Həkimlər ona göbək ciyəsinin uşağın boğazına dolandığını deyib. Lakin neçə dəfə dolandığını bilməyiblər. Buna baxmayaraq, əgər qadın 1-ci doğuş dövründə müraciət etsə idi, biz yenidən müayinə edib qeysəriyyə əməliyyatı ilə uşağın həyatını xilas edə bilərdik. Təəssüf ki, 2-ci dövrdə müraciət edib və bütün səylərimizə baxmayaraq uşağı xilas edə bilmədik”. Qeyd edək ki, bu M.Məmmədovanın 1-ci hamiləliyi olub. *** Bərdə rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib. Hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasın Doğum şöbəsində qeydə alınıb. Belə ki, rayon sakini 22 yaşlı Mənzər Məmməd qızı Məmmədova axşam saaatlarında təbii doğuş edib və uşaq dünyaya gətirib. M.Məmmədovanın atası Məmməd Məmmədov bildirib ki, həkimlər doğuş zamanı hər şeyin qaydasında olduğunu bildiriblər: "Sonradan məlum olub ki, uşaq doğuş zamanı boğularaq ölüb". Faktla bağlı araşdırma aparılır.