Bakıda yol polisi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ənənəvi tədbir keçirəcək.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O bildirib ki, martın 8-də Bakının müxtəlif küçə və prospektlərində, xüsusən də mərkəzi yollarda qayda pozan xanım sürücülər yol polisi əməkdaşları tərəfindən aşkar olunduqda onlara güzəşt ediləcək. Amma əvvəlcə qayda pozuntusu barədə xəbərdarlıq olunacaq, təhlükəli hərəkətlərin nəyə səbəb olacağı bildiriləcək.
Eyni zamanda, həmin xanım sürücünün il ərzində neçə dəfə cərimə olunmasına, qəza törədib-törətməməsinə də diqqet yetiriləcək. Təəssüflər olsun ki, xanım sürücülərin törətdiyi yol qəzaları da az deyil. Hətta, son vaxtlar sərxoş halda sükan arxasına əyləşən xanım sürücülərə də rast gəlirik. Bundan əlavə, yol polisi "saxla" işarəsi verərkən yayınmağa çalışan xanım sürücülərin sayı artır. Əksəriyyəti qəsdən maşını saxlamır ki, həyat yoldaşım qoymur. Saxlayandan sonra deyirlər ki, eşitməmişəm. Amma bunlar əsas deyil ki, həmin sürücülər məsuliyyətdən kənarda qalsın. Qanunun tələbini pozan hər bir sürücü cərimə olunur. Yol polisi kişi və qadın sürücülər arasında fərq qoymur. Qanun hamı üçündür".
Vaqif Əsədov sonda onu da bildirdi ki, 8 Mart günü yol polisi xanım sürücülərə müxtəlif qiymətli hədiyyələr və gül verəcək. Tədbir Bakının mərkəzi küçə və yollarında olacaq.