Ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək nəticəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. "Azneft"dən "APA-Economics"ə verilən məlumata görə, qəza nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Hadisə baş verən andan etibarən müvafiq orqanlar tərəfindən axtarış-xilasetmə işlərinə cəlb edilib.
Həmçinin, Azərbaycan prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Eyni zamanda, itkin düşən neftçilərə operativ məlumat vermək məqsədilə N.Nərimanov adına NQÇİ-də qərargah yaradılıb. Qərargah yarandığı andan "Azneft"in nümayəndələri və rəhbərliyi tərəfindən itkin düşmüş neftçilərin ailə üzvləri və yaxınları qəbul edilib, baş vermiş qəza zamanı itkin düşənlərin axtarışı ilə əlaqədar görülən tədbirlər haqqında onlara mütəmadi olaraq məlumatlar verilib. İtkin düşmüş neftçilərin ailələri ilə əlaqə saxlanılması məqsədi ilə telefon nömrələri qərargahda qeydə alınıb. Qərargah üzvləri itkin düşmüş hər bir neftçinin ailəsinə baş çəkmiş, onlara, aparılan axtarışlar haqqında məlumatlar verilib, sosial məişət şəraitləri və problemləri ilə maraqlanıblar.
Bütün bunlarla yanaşı, qəza nəticəsində itkin düşənlərin ailələrinə SOCAR və müvafiq dövlət qurumları tərəfindən müxtəlif maddi yardımlar göstərilib. Bu yardımlar kateqoriyasına görə, SOCAR tərəfindən iki dəfə olmaqla 9 ailəyə hər dəfə 1000 manat ümumilikdə, 2000 (iki min) manat maddi yardım göstərilib. İtkin düşənlərdən ilk tapılan vəfat etmiş neftçi İlham Qafarovun ailəsinə isə 3000 min manat maddi yardım göstərilib.
Bundan başqa, SOCAR-ın 28.12.2016-cı il tarixli sərəncamına əsasən hər bir ailəyə 5000 manat maddi yardım göstərilib. Bundan əlavə, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən hər bir ailəyə 1000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib.
17.01.2017-ci il tarixli sərəncama əsasən, itkin düşmüş neftçilərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə, 10 nəfər uşaq N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülüb.
“Azneft”in N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı NQÇS-nin 3 saylı Neft Yığma Məntəqəsinin işçilərinin banklara olan qalıq borclarının ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib:
- itkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Cavid Həyətxan oğlu Bəhrəmovun – “Dəmir Bank” ASC-yə 7000 (yeddi min) manat, “Unibank” Kommersiya Bankına 3 063,00 ABŞ dolları ödənilib.
- itkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Samir Atabala oğlu Əsədovun - “Unibank”a 258 manat, “Bank of Baku”ya 173 manat;
- itkin düşmüş 4-cü dərəcəli əmtəə operatoru Azay Hacıbala oğlu Zülfüqarovun həyat yoldaşı Zülfüqarova Çimnaz Qaraş qızına 12 oktyabr 2016-cı il tarixli 58 saylı müqavilə ilə “Sumqayıt” Mənzil Tikinti Kooperativindən Sumqayıt şəhəri, S. Vurğun küçəsində tikilməkdə olan yaşayış binasından 63,7 kv.m. sahəsi olan 2 otaqlı ayrılmış mənzilə görə “Sumqayıt” Mənzil Tikinti Kooperativinə 38 800 (otuz səkkiz min səkkiz yüz) manat qalıq dəyərinin ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib.
Əlavə olaraq, cəsədləri tapılmış itkin düşən neftçilərin dəfn mərasiminin təşkili məsələləri “Azneft” İstehsalat Birliyi tərəfindən həyata keçirilmiş və bir sıra maddi yardımlar göstərilib.
27.12.2016-cı il tarixində Qafarov İlham Əlhüseyin oğlunun həyat yoldaşı Qafarova Rəsmiyyə N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət etmiş və ona DFGK tərəfindən 31.12.2016-cı il tarixli protokolla bir dəfəlik 2100 manat məbləğində yardım göstərilib.
SOCAR 17.01.2017-ci il tarixli sərəncamına əsasən vəfat etmiş Hacıəliyev Həsənağa Hüseynağa oğluna “Neftçi” MTK-dan ayrılmış mənzilə görə, H.Hacıəliyev “Xalq Bank” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 11.01.2017-ci il tarixinə olan 31 min 939,33 manat məbləğində qalıq borcu “Azneft” İB tərəfindən “Xalq Bank” ASC-yə ödənilməsi təmin edilib.
SOCAR 20.02.2017-ci il tarixli sərəncamına əsasən Hacıəliyev Həsənağa Hüseynağa oğluna “Unibank”a 434 manat, ”Bank of Baku”ya 5630 manat, “Bank of Baku” (“Bolkart”) 1060 manat, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Qaradağ filialına 9998 manat məbləğində kredit borcları ödənilib.
10.02.2017-ci il tarixində Hacıəliyev Həsənağa Hüseynağa oğlunun həyat yoldaşı Hacıəliyeva Zenfira Qırxlar qızı N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 28.02.2017-ci il tarixli protokolla bir dəfəlik 2320 manat məbləğində yardım olunub.
Cəsədləri tapılan dörd neftçinin hamısının dəfn mərasimlərində “Azneft” İB-nin və N.Nərimanov adına NQÇİ-nin kollektivi iştirak edib.