Yanvarın 20-də Şeremetyevo hava limanında Moskva-Roma reysi ilə Cemo ləqəbi ilə tanınan 41 yaşlı qanuni oğru Cemal Mikeladze İtaliyaya ekstradisiya olunub. 2014-cü ilin iyun ayında Cemoya Bari məhkəməsinin hökmü ilə 15 il müddətinə qiyabi olaraq həbs cəzası kəsilib və barəsində axtarış elan olunub.
İtaliya polisi həmin vaxt qanuni oğrunun gizləndiyini yox, həbsdə olduğunu bilirdi. Cemo 2014-cü ilin fevralında narkotik saxladığına görə 3 illik həbs cəzası almışdı və Kemerovo şəhərində həbsxanada idi. Vəkilləri Cemonun cəzasının 2 il 2 aya endirilməsinə nail olublar və o, ötən həftə Moskvadan İtaliyaya etap olunub.
Musavat.com xəbər verir ki, Cemo İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri - mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların “yuyulması”, sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.
Onun sonrakı taleyi Rusiya vətəndaşlığının ləğv edilməsi ilə bağlı verdiyi şikayətdən asılı olacaq. Əgər məhkəmə Cemonun vətəndaşlığını bərpa edərsə, o zaman cəzasını Rusiyada çəkə bilər ki, bu da az inandırıcı görünür. Çünki bundan əvvəl də Rusiya daha bir nüfuzlu qanuni oğru Merab Canqveladzenin (Merab Suxumskli) də vətəndaşlığını ləğv edib. O da hazırda İtaliyadan Qazaxıstana ekstradisiyasını gözləyir... Ümumiyyətlə isə İtaliya həbsxanaları Rusiya ilə müqayisədə “cənnət” hesab oluna bilər.
Rusiya mənbələri iddia edir ki, Cemonun polisin əlinə düşməsində onun düşməni, qanuni oğru Vaqif Süleymanovun (Vaqif Bakinski) əli var.
Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, qanuni oğru adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, Cemonu kriminal dairələrdə cəlbedici edən onun adətən “oğrulara” xas olmayan xarizmasıdır.
Cemo kriminal aləmdə ötən il Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından biri kimi də tanınıb. Amma 2014-cü ildə həbs edildikdən sonra Lənkəranskini satması kriminal aləmdə çaxnaşma yaratmışdı. Onun həbsdən hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda Ded Xasanın qətli ilə bağlı “sirlər açılırdı”. Məktubda iddia edilirdi ki, Dedlə bağlı qətl planını müzakirə etmək üçün Rövşən Lənkəranski, Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə “Val” tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi Rövşən Lənkəranskinin adı keçirdi. Sonradan məktubu Ded klanının ortaya atdığı barədə şübhələr üzə çıxdı. Amma bu iddialar bu günədək nə təsdiq, nə təkzib edilib.
Cemonun Rövşən Lənkəranskiyə güvənərək özündən yaşca böyük qanun oğru Vaqif Bakinskiyə kəllə atması da kriminal aləmdə uzun müddət müzakirə olunub. Rusiya KİV-lərinin onu yenidən xatırlatması isə onu göstərir ki, mövzu qapanmayıb.
Hadisə 2010-cu ildə Rövşən Lənkəranski ilə Vaqif Bakinski arasında sxodkada baş verib. Lənkəranski ilə V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında Cemonun böyük qardaşı Mamukonun elit kottecində sxodkaya toplaşıblar. “Rövşən Lənkəranski” tərəfdən söhbətə qanuni oğruların ağır artirelliyası hesab olunan Gela Kardava, Robunzon və Paat Malenkiy iştirak edib. Vaqif Süleymanov isə görüşə Ded Xasanı təmsil edən Vasi Voskreslə gəlib. Sxodka məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı qanuni oğruya iradına Vaqif Süleymanov adekvat cavab verib. Cemo Vaqif Bakinskini vurmaq istərkən özü zərbə alıb. 2011-ci ilin iyununda hələ o zaman sağ olan Ded Cemonu qanuni oğru adından məhrum edib.
Bu qərarı o, Cemoya hamının iştirakı ilə telefonda elan edib. Lənkəranskinin qətlinə qədər Cemo ilə münasibətlərinin hansı səviyyədə olduğunu indi demək çətindir. Amma Cemonun Lənkəranskidən sonra boy göstərəcəyi gözlənilmirdi. Təsadüfi deyil ki, primecrime. ru Cemonun ekstradisiyası ilə bağlı xəbərə “Çao qenaçvale” (gürcü dilində "yoldaş", "dost" deməkdir) başlığı verib...