Dörd oğlan tərəfindən qaçırılan qız zorlandı Balakəndə dəhşətli cinayət

759
Dörd oğlan tərəfindən qaçırılan qız zorlandı Balakəndə dəhşətli cinayət

Qız qaçırmaqda və zorlamada təqsirli bilinən Balakən rayon sakinləri – 1988-ci il təvəllüdlü Rahib Dibirov, 1995-ci il təvəllüdlü Elşən Hacıyev, 1993-cü il təvəllüdlü Tural Hacıyev, 1988-ci il təvəllüdlü Famil Həbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rahib Dibirov, Elşən Hacıyev, Famil Həbilov və Tural Hacıyev qabaqcadan əlbir olaraq 22 fevral 2016-cı ildə Balakən rayonunun Tülü kənd sakini Fidan Məmmədovanı (ad və soyad şərti verilib – H. Z) Rahiblə evləndirmək məqsədilə qaçırıblar.

Onlar "VAZ-2107” markalı maşınla Fidan Məmmədovanın yaşadığı Tülü kəndinə gəliblər.

Elşən Hacıyev və Tural Hacıyev kəndin avtobus dayanacağında mikroavtobus gözləyən Fidan Məmmədovanın qolundan tutaraq avtomaşına əyləşdiriblər.

Rahib Dibirov Fidanı Balakən rayonunun Bedağar kəndində yaşayan qohumları Cahangir Şabanovun evinə gətirib. Həmin gün Rahib Dibirov Fidan Məmmədova ilə cinsi əlaqədə olmaq qərarına gəlib. Bu məqsədlə Rahib Dibirov qızın olduğu otağa girib. O, zorla qızla cinsi əlaqədə olub.

Ev sahibi Cahangir Şabanov evə gələndən sonra qohumunun qız qaçırdığının şahidi olub və onları evdən çıxarıb. Rahib Dibirov və dostları cinayət əməllərini davam etdirərək Fidan Məmmədovanı saat 17 radələrində Elşən Hacıyevin babasına məxsus Balakən rayonunun Gərəkli kəndində yerləşən evinə gətiriblər. Həmin gün saat 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşlarının köməkliyi ilə Fidan Məmmədova azad edilib.

"Fidanı sevmişəm”

Rahib Dibirov Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə, Elşən Hacıyev, Famil Həbilov və Tural Hacıyev isə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ittiham ediliblər.

Onların barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rahib Dibirov bildirib ki, Fidanı sevib və onunla ailə həyatı qurmaq istəyib: "Bu məqsədlə fevralın 21-də Elşən, Tural və Famillə danışdım. Razılaşdıq ki, Fidanı qaçıraq. Fevralın 22-də, saat 09:30-da Familin "VAZ-2107” markalı maşını ilə Fidanın yaşadığı küçəyə getdik. Fidan maşın dayanacağına gələn zaman Elşən və Tural maşından düşdü, onun qolundan tutaraq zorla dartaraq maşına gətirdilər. Fidanı arxa oturacaqda oturtdular. Özüm maşından yerə düşmədim”.

Rahib Dibirovun sözlərinə görə, həmin vaxt Fidan səs-küy salsa da, ona məhəl verməyiblər: "Famil maşını Bedağar kəndinə sürdü və Cavanşirin evinə apardıq. Fidan maşında mənimlə Elşənin arasında oturub. Fidan maşının içində səs-küy salaraq onu evə qaytarmağımızı tələb etdi, mən isə Fidanı sakitləşdirməyə çalışdım. Ev sahibi Könülə Fidanı qaçırtdığımı bildirdim. Evdə olan zaman Fidanla söhbət edərək onu sevdiyimi bildirdim. Fidan molla gətirərək kəbin kəsdirməyimi dedi”.

"Könüllü cinsi əlaqədə olduq”

Rahib Dibirov qeyd edib ki, Fidana onun həyat yoldaşı olmasını təklif edərək digər otağa keçməsini bildirib: "Fidan da heç nə demədən mənimlə başqa otağa keçdi və orada könüllü cinsi əlaqədə olduq. Ev sahibi Cahangir evə gələrək evdən getməyimizi tələb etdi. Elşən, Tural və Fidanla birlikdə Elşənin babasına məxsus Gərəkli kəndindəki evə getdik. Polis əməkdaşları həmin evə gələrək Fidanı polis şöbəsinə apardılar”.

Təqsirləndirilən şəxs qeyd edib ki, dəfələrlə zərərçəkmiş şəxslə barışmaq üçün cəhd göstərib: "Fidanı sevirəm və onunla ailə həyatı qurmağa hazıram. Zərərçəkmiş şəxsin məni sevib-sevmədiyini dəqiq deyə bilmərəm. Ancaq zərərçəkmiş şəxslə zorla cinsi münasibətdə olmamışam. Zərərçəkmiş şəxs əvvəllər şikayətçi olmayıb. O, ailəsinin təkidi ilə məndən şikayət edib. Zərərçəkmişin üzərində olan xəsarətlər ola bilsin ki, onu qolundan dartaraq maşına otuzduranda əmələ gəlib”.

Digər təqsirləndirilən şəxslər də elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar ifadələrində bildiriblər ki, zərərçəkmiş şəxs tərəflə barışmağa cəhd göstərsələr də, onlar barışmaq istəməyiblər.

"Səsim çıxana qədər qışqırdım, kömək istədim”

Zərərçəkmiş şəxs qismində dindirilən Fidan Məmmədova bildirib ki, fevralın 22-də, saat 09:20 radələrində dayanacaqda duran zaman Familin idarə etdiyi "VAZ-2107” markalı maşın ona yaxınlaşıb: "Mənə qarşı təhlükə olduğunu hiss etdim. Çünki, bir neçə gün qabaq hər gün Balakən rayonunun Qullar kənd sakini Elşən Hacıyev işdən evə gedən zaman məni izləmişdi. Avtomaşın mənim yanımda dayanan zaman yaxınlıqda olan evə tərəf qaçdım, evin həyət qapısını açmaq istədim. Lakin qapı arxadan bağlı olduğu üçün qapını aça bilmədim. Maşından Elşən və Tural düşərək hər ikisi qolumdan tutdu. Məni zorla avtomaşının arxa oturacağına atdılar. Elşən sağ tərəfimdə, Tural sol tərəfimdə oturdu, Famil maşını sürətlə yerindən tərpədərək oradan uzaqlaşdılar. Maşında olan zaman var-gücümlə qışqırdım, kömək istədim. Yalvararaq məni buraxmalarını xahiş etdim. Tural və Elşən məni Rahib üçün qaçırdıqlarını deyərək səssiz durmamı bildirdilər”.

Fidan Məmmədova bildirib ki, yanında oturan Elşənə müqavimət göstərərək təpik və sillə atıb, onu buraxmasını, evə qaytarmasını tələb edib: "Lakin sözlərimə məhəl qoymayaraq avtomaşını bilmədiyim istiqamətə sürdülər. Balakən rayonunun Qazma kəndi ərazisinə çatdıq. Famil avtomaşını Rahib Dibirovun yanında saxladı, Tural mənim yanımdan duraraq qabaq oturacağa keçdi. Rahib isə sol tərəfimdə əyləşdi. Rahibə məni niyə qaçırdığını, atamın xəstə olduğunu, bunu bilərsə, öləcəyini dedim. Rahib isə məni sevdiyini, dərdimdən öldüyünü bildirdi”.

Fidan Məmmədova qeyd edib ki, onu Bedağar kəndinə tanımadığı evə aparıblar: "Rahibi itələyərək maşından düşdüm, həmin tanımadığım qadına yalvararaq məni buraxmalarını, evimizə qaytarılmağımı xahiş etdim. Lakin həmin qadın mənə hər şeyin yaxşı olacağını, qorxmamağı bildirdi və məni evə apardı. Onlar evə daxil olan zaman Rahibin dayısının arvadı Nərminə arxamızca evə daxil olaraq, mənə "xoş gəlmisən” dedi. Mən isə heç xoş gəlmədiyimi, zorla gətirildiyimi, evə qayıtmaq istədiyimi bildirdim. Nərminə səsimi kəsməyimi, səs-küy salmamağımı, Rahibdən yaxşısına gedə bilməyəcəyimi söylədi. Evə Rahib, Famil, Tural və Elşən daxil oldular. Familin tələbi ilə telefonu söndürdüm, qəfildən Famil telefonu əlimdən dartaraq aldı və batareyasını çıxartdı”.

"Kəbin kəsdirəndən sonra onun olacağımı bildirdim”

Fidan Məmmədovanın sözlərinə görə, Elşən Rahibin onunla danışmaq istədiyini bildirib: "Rahiblə heç nə danışmayacağımı deyərək, Nərminədən məni tək qoymamalarını, yanımda olmalarını xahiş etdim. Nərminə qonşuluqda işinin olduğunu deyərək evdən çıxdı. Könül, Elşən, Tural və Famil də evdən çıxaraq Rahibin mənimlə danışmasına şərait yaratdılar. Rahib divanda yanımda oturaraq məni sevdiyini, onun olmağımı bildirdi. Rahibə onu evə qaytarmağımı, valideynlərinin mənə elçi gəlmələrini, ona getməyimə razı olacağımı dedim. Rahib mənimlə razılaşmadı, heç olmasa ata-anamın buraya gəlməsini, kəbin kəsdirəndən sonra onun olacağımı bildirdim”.

Fidan Məmmədova qeyd edib ki, Rahib isə ona qulaq asmayıb: "Rahib qolumdan tutaraq zorla məni digər otağa apardı. Həmin otaqda yerdə üzsüz döşək olub. Rahibin mənimlə cinsi əlaqədə olmaq istədiyini anladım. Qtaqdan çıxmaq istədim. Rahib qolumdan tutaraq məni döşəyin üstünə uzatdı. Qaçmaq istədiyimdən Rahibə cinsi əlaqədə olmazdan əvvəl hamama girərək yuyunmaq istədiyimi dedim. Özlüyümdə hamama girən zaman vaxt qazanacağımı, qaçmaq üçün bir yol tapacağımı fikirləşdim. Rahib mənim yuyunmaq üçün hamama getməyimə icazə vermədi, zorla məni soyundurdu. Rahib soyunaraq üstümə uzandı. Rahibin altından çıxmağa çalışaraq qışqırdım. Həyətdə olanlar isə qapını döyəclədilər ki, səsim ətrafa yayılmasın. Rahib hər iki qolumdan tutaraq zorla mənimlə cinsi əlaqədə oldu”.

"Ancaq onun adını çəkməyimi xahiş etdi”

Fidan Məmmədovanın sözlərinə görə, daha sonra Nərminə ona könüllü qaçmağına dair məktub yazmasını təklif edib: "Məcburiyyət qarşısında qalıb iki cümləlik məktub yazdım, həmin məktuba zorla imza etdirdilər. Sonra məni aşağı həyətə düşürdərək gəldiyimiz maşına əyləşdirdilər və Balakən rayonunun Gərəkli kəndinə, Elşən Hacıyevin babasının evinə apardılar. Nərminə və Elşənin anası Həqiqət bizim olduğumuz evə gəldilər. Dedilər ki, şikayət etmə, hər şey yaxşı olacaq. Şikayət edəcəyimi bildirərək evə - anamın yanına getmək istədiyimi dedim. Nərminə isə "şikayət etməsən, səni ananın yanına aparacağıq" dedi. Sözümdən dönməyərək şikayət edəcəyimi bildirdim. Rahib otağa daxil olaraq "şikayət etsən yalnız mənim adımı çək, digərlərinin yox" dedi.

Zərərçəkmiş qeyd edib ki, Rahib Dibirov polis əməkdaşlarının onun ailəsinin yaşadığı evə gəldiyini deyib: "Sonra anam, bibilərim və polis əməkdaşları gəldilər. Məni polis şöbəsinə apardılar. Olduğum yeri Rahibin atası Aydın Dibirov anamgilə deyib. Dəfələrlə təqsirləndirilən şəxslərin qohumları barışmaq üçün bizə gəliblər, lakin onlarla barışmamışam”.

Cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Dibirov 8 il 6 ay, Elşən Hacıyev 5 il, Tural Hacıyev 5 il, Famil Həbilov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər hökmdən narazı qalaraq apelyasiya şikayəti veriblər. Rahib Dibirov Cinayət Məcəlləsinin 149.1-ci maddəsinə ilə ona bəraət verilməsini, digər maddə ilə barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Həmçinin digər təqsirləndirilən şəxslər də barələrində daha yüngül cəzaların təyin edilməsini xahiş ediblər. Prokurorluq da hökmdən narazı qalaraq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Onların şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Tərəflərin şikayətlərini dinləyən hakimlər sonda qərar elan ediblər. Qərara görə, prokurorluğun protesti təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Rahib Dibirov 10 il, Elşən Hacıyev, Tural Hacıyev və Famil Həbilov isə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Xəbər lenti