Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini orta hesabla 130 dəfədən çox pozur.
AZƏRTAC-ın çəkiliş qrupu cəbhədəki vəziyyəti lentə almaq məqsədilə Tovuz rayonunun düşmənlə həmsərhəd kəndlərində olub. Çəkiliş qrupu yol boyu erməni gülləsindən dəlmə-deşik edilmiş evlərə rast gəlib. Hətta tikintisi başa çatmayan evlər erməni atəşinə məruz qalır. Kənd sakinləri deyirlər ki, əvvəllər atəşkəs gün ərzində 20-30 dəfə pozulurdusa, indi artıq yüzü keçib.
Dinc əhalini hədəf seçən mənfur erməni ordusunun bu atəşlərinə baxmayaraq, hər zaman cəsarətləri ilə seçilən Hacallı sakinləri öz işlərində-güclərindədirlər. Təmas xətti ilə üzbəüz evlərdən birində yaşayan Kifayət Cəfərova deyir ki, burada balacadan tutmuş böyüyədək heç kəs erməni gülləsindən qorxmur. Əksinə, Hacallıda artıq yaz əkin-biçini başlanılıb və insanlar təsərrüfat işləri ilə məşğuldurlar.
Çəkiliş qrupumuz Hacallıdan cəbhəyanı kəndlərdən birinə üz tutub və burada da eyni mənzərə ilə qarşılaşıb. Kənd sakinləri heç nədən qorxmadan gündəlik işləri ilə məşğul olurlar.
Azərbaycanın rəşadətli ordusuna, ön cəbhədəki qəhrəman əsgərlərimizə və dövlətimizə güvənən sərhəd kəndlərinin sakinləri deyirlər ki, erməni silahlı qüvvələrinin heç bir mərmisi onları öz evlərindən, doğma kəndlərindən çıxara bilməz. Sakinlərin cəsarəti, xoş əhval-ruhiyyəsi bir daha sübut edir ki, qüdrətli Azərbaycanın vətəndaşları mərd, yenilməzdir və onlar doğma torpağa böyük sevgi bəsləyirlər.