Ali Məhkəmədə hamilə qadının ölümündə təqsirli bilinən Elmi-Tədqiqat mama-ginekologiya institutunda həkim anestezioloq-reanimatoloq işləyənCavanşir Aslanovun cinayət işinə baxılıb.
Mynews.az-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, həkimin bəraət istəyi rədd edilib.
Cavanşir Aslanov müqavilə ilə “Astoriya” tibbi mərkəzində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyən zaman laqeydlik və etinasızlıq edib.
O, 19 mart 2015-ci ildə, saat 21:00 radələrində “Astoriya” tibbi mərkəzinə doğuş həyata keçirmək üçün qəbul edilmiş hamilə qadının həyati vacib orqanlarını yoxlamayıb və həmin gün saat 21:30-da qadının uşaq dünyaya gətirməsini həyata keçirib.
Nəticədə, qadında olan xəstəliyin təsiri daha da artıb. Saat 22.07-də hamilə qadının vəziyyəti ağırlaşıb, onda qəfləti öskürək, ağızdan köpük gəlməsi və dodaqların göyərməsi kimi fəsadlar meydana çıxıb.
Uşaq dünyaya gətirmək üçün hazırlaşan qadının mədə-bağırsaq sisteminə təxminən iki litr duru qan toplanaraq qanitirmənin baş verməsinə səbəb olub. Qadın martın 20-də dünyasını dəyişib.
İttihama görə, Cavanşir Aslanov uşaq dünyaya gətirən qadını ehtiyatsızlıqdan öldürüb.
İstintaq orqanı tərəfindən Cavanşir Aslanovun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavanşir Aslanov 2 il 9 ay müddətinə azadlıqdan məhrum olunub.