Sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən Mynews.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, E.Axundovun anası sentyabrın 24-də rayon Prokurorluğuna müraciət edərək oğlunun rayon sakini Kərim Əhmədov tərəfindən döyülməsini bildirmişdir. Müraciət əsasında E.Axundovun izahatı alınmış, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilmiş və döyülmə nəticəsində bədənində xəsarətlər aşkar edilmişdir.
Eyni zamanda, qeyd edilən tarixdə K.Əhmədov da rayon Polis Şöbəsinə müraciət edərək E.Axundov tərəfindən döyüldüyünü bildirmişdir. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə rayon Polis Şöbəsinə dəvət edilmiş və həmin gün saat 22 radələrində səhhətinin pisləşdiyi üçün Təcili-Tibbi Yardım xidmətinə müraciət olunmuş, həkim briqadası rayon Polis Şöbəsinə gələrək E.Axundovu ölmüş vəziyyətdə rayon Diaqnostika Mərkəzinə aparmışdır.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hər iki qurumun məsul əməkdaşları Qazax rayonuna ezam olunmuşdur.
K.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.