Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Rafət Əlibayramlinski” kimi tanınan “qanuni oğru” Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birlikdə mühakimə olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mynews.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Əmirov 1 il 6 ay, Kamil Əmirov, Rüfət Kərimov və İsmayıl İbrahimov 7 il, Elvin Hüseynov isə 8 il azadlıqdan məhrum edilib.
Hökmdə qeyd edilib Rüfət Əmirova Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə bəraət çıxarılıb. Ona yalnız xuliqanlığa görə cəza verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və yeddi ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.
R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarışda olub.
Daha sonra onun barəsində aparılan istintaq dövründə onunla cinayətdə iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 228-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham verilib.