Bakıda anasına təcavüz etməkdə və oğurluq hadisəsi törətməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Sənan Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunan Sənan Vəliyev tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 fevral 2017-ci il tarixdə, saat 18 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində Anar Şamilovun icarə əsasında işlətdiyi avtomobil təkərlərinin təmir sexinin qarşısından sonuncuya məxsus 2 ədəd hər birinin dəyəri 105 manat olan işlənməmiş və 2 ədəd hər birinin dəyəri 55 manat olan işlənmiş təkərləri oğurlayıb.
Anasını xüsusi amansızlıq döydü
Bundan başqa Sənan Vəliyev 23 may 2017-c il tarixdə, saat 14.30-da yaşadıqları Binəqədi rayonu, Biləcəri qəsəbəsində anası, 1940-cı il təvəllüdlü Amani Vəliyevə təcavüz edib.
Sənan Vəliyev müqavimət göstərmək imkanının olmayan anasının köməksiz vəziyyətdə olmasından istifadə edib, ona fiziki ağrılar yetirib. O, əvvəlcə anasına xüsusi amansızlıqla sifət və baş nahiyəsinə yumruq və şillə zərbələri ilə vurub.
Anasına təcavüz etdi
Daha sonra Sənan Vəliyev anası ilə cinsi əlaqədə olmaq qərarına gəlib. O, bu niyyətini həyata keçirmək məqsədilə anasını döşəməyə uzadıb və alt paltarını cırıb. O, sonra özü lüt soyunaraq anası ilə cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Sənan Vəliyevin barəsində Cinayət Məcəlləsinin 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddələri ilə ittiham elan edilib.
“Nə etdiyimi anlamıram”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 2013-cü ilin mayın 1-də azadlığa çıxdıqdan sonra həmin vaxtdan 202 nömrəli avtobusda sürücü işləyib: “Biləcəri qəsəbəsində anam ilə birlikdə yaşamışam. Anamla son vaxtlar aramızda münaqişə yaranırdı, tez-tez münaqişə baş verdi. Ruhi əsəb xəstəliyim olduğundan spirtli içki içərkən özümdə olmuram, nə hərəkət etdiyimi anlamıram”.
“Anama qarşı əxlaqsız hərəkət etməmişəm”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, mayın 23-də Biləcəri qəsəbəsində mağazadan araq alıb: “Həmin arağı başıma çəkdim, Sərxoş vəziyyətdə olduğumdan nə baş verdiyini xatırlamıram. Onu xatırlayıram ki, anamı döymüşəm, ona xəsarət yetirmişəm. Lakin ona qarşı hər hansı bir əxlaqsız hərəkət etməmişəm. Bu ittihamla razı deyiləm”.
“Oğlum özünü qəribə aparıb”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Amani Vəliyeva bildirib ki, oğlu tüfeyli həyat tərzi keçirib, mütəmadi olaraq spirtli içki qəbul edib: “Son vaxtlar Sənan özünü qəribə aparıb, mənimlə münaqişə yaradıb. Bir neçə dəfə məni vursa da o, hüquq mühafızə orqanlarına şikayət etməmişəm”.
“Dedi ki, gəl, keç o birisi otağa, sənə sözüm var”
Amani Vəliyeva qeyd edib ki, mayın 3-də, saat 14.30-da yaşadığı evdə qonaq otağında oturaraq lobya təmizləyib: “Həmin vaxt oğlum evə gəldi, kresloda əyləşdi. Təxminən 10-15 dəqiqə kresloda oturdu, sonra öz-özünə nə isə danışırdı. Birdən kreslodan duraraq mənə yaxınlaşdı. Əlimdə olan bıçağı alaraq masanın üstünə qoydu və dedi ki, gəl, keç, o birisi otağa, sənə sözüm var. Dedim ki, sözün var, burada de, daha niyə o birisi otağa keçirsən”.
“Məni çarpayıya uzatdı”
Amani Vəliyevanın ifadəsinə görə, bu zaman oğlu onun qolundan dartıb, öz otağına aparıb: “Mən təəccüblü halda oğluma dedim ki, məni burax, sən nə fikirləşirsən. Qorxdum ki, məni döyəcək, ona görə əlindən qaçmağa çalışdım. Amma ona gücüm çatmadı. Oğlum məni çarpayıya uzatdı, dərhal onun boğazından əlimlə tutaraq itələmək istədim. Həmin vaxt oğlum yumruqla sifətimə, başıma vurmağa başladı”.
“Deyirdi ki, sən mənim fahişəmsən”
Amani Vəliyeva qeyd edib ki, oğlu onun müqavimət göstərə bilmədiyini görüb: “Bundan istifadə edərək, paltarımı çıxardı. Həmin vaxt ayağa qalxmaq istədim. Oğlum boğazımdan tutdu, yenidən məni çarpayıya uzatdı. Bu vaxt özü də soyundu, mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı (zərərçəkmiş ifadəsinin bu hissəsində oğlunun ona qarşı etdiyi iyrənc hərəkətləri çılpaqlığı ilə danışıb, bu səbəbdən onun ifadəsinin həmin hissəsini dərc etmirik – red.). Oğlum mənə qarşı seksual hərəkətlər edən zaman deyirdi ki, sən mənim fahişəmsən. O, məni söyürdü. Bu hərəkətlərindən çox əsəbiləşdim, onun üzünə tüpürdüm. Bu zaman oğlum sifətimə şillə ilə vurdu”.
“Deyirdi ki, mənim qadınımsan”
Amani Vəliyeva deyib ki, həmin vaxt oğluna gücü çatmayıb: “Gücümün tükəndiyini gördüm, oğluma dedim ki, burada imamların şəkili var, o birisi otağa gedək. Oğlumu aldadıb, əlindən qaçmaq istəyirdim. Həmin otaqdan digər otağa keçdikdə, qaçıb qışqırmağa başladım. Oğlum yenə boğazımdan tutdu, döşəməyə uzadaraq yumruğu ilə sifətimə ardıcıl zərbələr vurdu. Oğluma yalvarsam da, mənə məhəl qoymadı. Yenə mənə yumruq və şillə ilə sifətimə, başına vurdu, məni söyərək deyirdi ki, sən mənim əxlaqsız qadınımsan”.
“Oğlumu bağışlamışam”
Amani Vəliyevanın sözlərinə görə, oğlu onun taqətinin olmadığını görüb: “Bundan istifadə edən oğlum məni üzü üstə çevirdi, yubkamı qaldırdı, tumanını isə dartaraq cırdı. Mənimlə cinsi əlaqədə oldu. Bundan sonra oğlum üstümdən durdu, tez hamama yuyunmağa getdi. Mən isə küçəyə qaçaraq 102 xidmətinə məlumat verdim. Etdiyi hərəkətlərə baxmayaraq, oğlumu bağışlamışam”.
8 il cəza
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası sonda oğurluq etməkdə və anasına təcavüz etməkdə Sənan Vəliyevi günahkar bilib.
Məhkəmənin hökmü ilə Sənan Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sənan Vəliyev apelyasiya şikayəti verib. O, şikayətində oğurluq ittihamı üzrə bəraət istəyib.
Anasına təcavüz edən oğulun xahişi
Anasına təcavüz edən Sənan Vəliyev şikayətində hadisəni sərxoş vəziyyətdə törətdiyini qeyd edib. O, Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə razılaşmadığını, həmin ittiham üzrə yalnız anasını döydüyünü göstərib, əməlini Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsif edilməsini istəyib.
Apelyasiya Məhkəməsində həbsdən 1 il qazandı
Bakı Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti Sənan Vəliyevin apelyasiya şikayətini təmin edib. Onun barəsində elan olunmuş Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə icraata xitam verilib.
Məhkəmə Sənan Vəliyevi Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə təqsirli bilib, onun barəsində təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 7 ilə endirib.
Ali Məhkəmə cəzanı 5 ilə endirdi
Bu qərardan narazı qalan Sənan Vəliyevin vəkili kasasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsini həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini istəyib.
Sənan Vəliyevin müdafiəçisinin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Kasasiya şikayətinə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb.
Kasasiya şikayətinin dəlillərini araşdıran hakimlər sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, Sənan Vəliyevin vəkilinin kasasiya şikayəti qismən təmin edilib.
Sənan Vəliyevin cəzası 5 ilə endirilib.