USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Atam məni zorla dostunun oğlu ilə nişanladı Azərbaycanlı qızın acı taleyi

09:38 04.11.2018
Atam məni zorla dostunun oğlu ilə nişanladı Azərbaycanlı qızın acı taleyi
09:38 04.11.2018

“İndi öz yaşımda xanımların kiçik problemləri dərd etməsinə baxıb, deyirəm kaş mənim də dərdim elə onlarınkı qədər olardı. Həyat  məni çox ağır sınaqlara çəkdi. Nə geri dönüb sığına biləcəyim ailəm vardı, nə də bir kömək umacağım dost-tanışım. Ailə qurana qədər çəkdiyim əziyyətin bitəcəyi günləri sayırdım. Amma nə biləydim ki, bu hələ görəcəyim günlərin yanında heç nə imiş...”

Bir qadının taleyi bu qədər əzablı olmamalıdır. Bu gün həyat hekayəsini sizinlə paylaşacağım qadın isə Günəş Orucuvadır (ad şərtidir). 

Bəzən ailələr  övladlarına ad seçən zaman mübahisə edirlər. Adların gələcəkdə uşaqlarının taleyinə təsir edəcəyini düşünürlər. Bəlkə də Günəş və onun kimi bir çox qadının həyatı bu inancın ən şirin yalan olduğunun göstəricisidir. 

Bu gün adı kimi ətrafa adı kimi şəfəq saçmalı olan Günəş, qarşımda boynu bükük şəkildə əyləşib. Danışmağa çətinlik çəkdiyi halından bəllidir. Barmaqlarını bir-birinə dolayıb, nəfəsini dərib başına gələn əhvalatları danışmağa başladı.

Oxu.Az yolu sığınacaqlara düşən qadınlardan birinin acınacaqlı həyat hekayəsini təqdim edir:

“Xoşbəxt ola biləcəyim bütün şansları əlimdən aldılar...”

Günəş deyir ki, ailələrində ona qarşı münasibət həmişə fərqli olub:

“Ailədə üç uşaq olmuşuq. Məndən kiçik qardaşlarım var. Anamla atam bir-birini sevməyib. Bəlkə də bizim həyatlarımızın məhv olması elə buradan başlayır. Özümü dərk etdiyimdən bu günə kimi evimizdən səs-küy,  söz-söhbət əskik olmayıb. Bəzən uşaqlar məktəbə  gedəndə ağlayırlar, getmək istəmirlər.

Mənim evdən çıxmağa şansım yox idi, məktəbə gedəndə o qədər sevinirdim ki, bu səs-küydən uzaqlaşdım. Orta məktəbi yaxşı oxuyurdum. Universitetə getməyi arzu edirdim, amma atam qoymadı. 11-ci sinfi bitirdikdən sonra evdə bütün işlər mənə baxırdı. Anam çox gərgin olurdu, amma yenə də onu çox istəyirdim. Hərdən heç nədən əsəbiləşirdi, mənə deyirdi ki, kaş sən doğulan gün ölərdin. Bu məni çox incidirdi. Hər zaman düşünürdüm ki, görən ana öz övladına bunu necə deyə bilər.

Sonralar bildim ki, mən ailədə arzu olunmaz uşaq olmuşam. Amma artıq bunun bir mənası qalmamışdı, çünki həyatda da öz yerimi tapa bilməzdim”.

“Sevginin yox, təcavüzün uşağı...”

Günəş danışdıqca gözləri dolur, əlləri əsirdi. Göz yaşlarını köynəyinin qoluna silirdi. Köynəyin yaş olmuş qollarını qatlayanda kəsik-kəsik olan biləklərini gördüm… 

Hekayəni eşitməyə belə qorxarkən, dinləməyə davam etdim. Günəş anasının xoşbəxtliyi deyil, bədbəxtliyi olduğunu deyir:

“Atam anamı qaçırıb. Daha sonra o, istəmədən onunla münasibətdə olub ki, geri qayıda bilməsin. Və mən bu gözəl “sevgi” hekayəsinin bəhrəsiyəm... Anam hiss etdirməməyə çalışsa da, bəzən mənə baxanda həmin anları xatırladığını düşünürəm. Bəzən anamı qınayırdım, amma sonra içimdə bu nifrətin yaranmasının qarşısını almağa çalışdım. O günə qədər ki, atam məni zorla dostunun oğluna nişanladı.

Anam isə bu məsələyə qarışmayıb mənim bədbəxt olmağıma göz yumdu. İmkanımız olmadığından qızların xəyalındakı kimi nişanım, xınam, gəlinliyim belə olmadı. Bir neçə ay ərzində bu məsələni də həll etdilər və mən 2013-cü ildə 18 yaşında öz cəhənnəmimə yola salındım.

İlk vaxtlar yaxşı olmasa da, şikayət edəcək qədər çətinliyim olmurdu, bir neçə ay normal münasibətlərimiz oldu. Mən hamilə qaldım. Hazırda əkizlərim var. Bu günə qədər yoldaşımdan heç nə istəməmişdim, vəziyyətimlə əlaqədar xərclərimiz artdığı üçün söz-söhbətlər yaranmağa başladı. İlk dəfə də elə bunun üstündə döyüldüm...”

“Belə getsə uşaqlardan birini satacam...” 

Biz danışarkən Günəşin əkizləri dünyadan xəbərsiz şirin yuxuda idilər. Onların heç xəbəri də yox idi ki, ataları onlardan birini satmaq istəyir:

“Həyat yoldaşım hədələyirdi ki, məni çox xərcə saldın. Uşaqlar doğulsun birini satarıq, elə birinə ancaq baxa bilərəm. Doğuma az qalırdı, o qədər stress keçirirdim ki, qorxurdum uşaqlarıma nə isə olacaq. Onlara heç nə ala bilmədim. Evdə köhnə geyimlərimi kəsib onlara paltarlar düzəltdim. Qonşuluqda olan gəlinlər uşaqlarının köhnə, artıq istifadə etmədikləri  paltarlarını verib kömək edirdilər. 

Nəhayət, 2015-ci ildə əkiz qızım dünyaya gəldi. Bundan sonra qayınanam da uşaqların səsi başıma düşür deyib, mənimlə dalaşırdı. Yoldaşıma çöldə nə deyirdilər, nə demirdilər hər gün gəlib məni döyürdü. Bədənimdə salamat yer qalmamışdı. Əlqərəz hər şeyə susdum, səsimi çıxarıb etiraz etmədim. Yoldaşımın “uşaqlardan birini sataram” deməsi ürəyimə o qədər qorxu salmışdı ki, ən ağır işləri də görürdüm ki, söz-söhbət olmasın.

Uşaqların ehtiyaclarını qarşılaya bilmirdim deyə, gecə-gündüz ağlayırdım. Onlara paltar düzəldəcəm deyə, o qədər paltarımı doğramışdım ki, əynimə geyib küçəyə çıxmağa bir dəst geyim tapa bilmirdim. Bir ilə yaxın belə davam etdim. Bir gün o həddə çatdım ki, damarlarımı doğrayıb özümü öldürmək istədim”.

Hönkürərək ağlamaq istəyirdi ki, yan otaqdan uşaqlarının səsini eşitdi. Bir an üz-gözünü silib tez onların yanına gedib, qızlarını bağrına basdı. Kənardan onlara badım. Körpələrin sabah necə həyatlar yaşayacaqları da bəlli deyil. Amma Günəş deyir ki, onlar üçün əlindən gələni edəcək:

“Uşaqlarım üçün həyatda qalıram. Damarlarımı kəsəndə ailəm bildi. Xəstəxanada məni görməyə gəldilər. Atam heç bir dəfə də soruşmadı ki, qızım niyə belə etdin. Çox gözlədim ki, soruşsun. İstəyirdim bircə kəlmə mənimlə maraqlandıqlarını göstərsinlər, bəlkə yoldaşım da qorxardı, daha mənə zülm etməzdi.

Amma onda gördüm ki, bu həyatda sığına biləcəyim heç kimim yoxdur. Bəlkə qardaşlarım məndən böyük olsa, mənə sahib çıxardılar. Amma “bəlkələr” mənim həyatımı yüngülləşdirmədi. Dəfələrlə yoldaşımla danışıb, problemləri həll etmək istəsəm də olmadı. Məcbur olub uşaqlarımı da götürüb düşdüm çöllərə.

Sonra bir nəfər mənə məsləhət gördü ki, sığınacaqlarda mənim kimi köməksiz qadınlara yardım edirlər. Mən də uşaqlarımla sığınacağa müraciət etdim. Sağ olsunlar, ailəmin etmədiyini etdilər. İndi bütün yaşadıqlarımı düşünürəm. Sabah nə olacağına dair bir fikrim yoxdur. Amma çalışacam iş tapım, uşaqlarımı saxlamaq üçün pul toplayım.

Hərdən mənə deyirlər ki, gərək ailənin yanına gedərdin. Mən də istərdim ki, ailəm məni tək qoymasın. Amma təəssüf ki, hər dəfə bunları tək-tək insanlara izah edə bilmirəm. Bu gün qarşıma məqsəd qoymuşam ki, iş tapım. İlk maaşımla da qızlarıma heç vaxt ala bilmədiyim təzə paltar alım. Qızlarım mənə özümü yenidən doğulmuş kimi hiss etdirir”.

Günəşin arzuları çoxdur. Deyir ki, özünün yarım qalan xəyallarını qızlarının yaşaması üçün əlindən gələni edəcək.


Hadisə

Xəbər lenti

300x200r