Toya hazırlaşırdılar, yanğında öldülər Yataqxanadakı yanğının təfərrüatları

710
Toya hazırlaşırdılar, yanğında öldülər Yataqxanadakı yanğının təfərrüatları

İnsanlar yataq örtüklərini bir-birinə bağlayaraq, pəncərədən xilas olublar...

Martın 6-da Azərbaycan İncəsənət Universitetinin balansında olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binada güclü yanğın baş verib. Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu isə həlak olub, daha 42 nəfər bina sakini təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin, "Azərişıq” ASC-nin əməkdaşları binada iş aparıb, müvafiq araşdırma aparırdılar. Eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşları asayişə nəzarət edirdilər. Faciə zamanı ölən sakinlərin yas mərasiminin keçirilməsi üçün həyətdə çadır qurulub. Binada Ağdam, Füzuli, Şuşa, Laçın və digər işğal altında olan rayonlardan didərgin düşən 60-dan çox məcburi köçkün ailəsi yaşayır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin hadisə yerinə vaxtında gəlməsi səbəbindən alov binaya tam yayılmayıb.

İnsanları ölüm təhlükəsi ilə üzləşdirən isə ilk növbədə yanğından yaranan tüstü olub. Elə hadisə nəticəsində dünyasını dəyişən Eliza Əliyeva və onun həyat yoldaşı Surxay Əliyev də tüstüdən boğulublar.  Hadisə baş verən günü Əliyevlərin qızı və oğlu axşam növbəsində işdə olublar. Ər və arvad isə yatılı vəziyyətdə olduqlarından yanğından gec xəbər tutublar. Onlara yardım edilsə də, həyatlarını xilas etmək mümkün olmayıb. Eliza Əliyeva və Surxay Əliyev Bakıya Laçın rayonundan gəliblər. Məcburi köçkün ailəsi kimi həmin yataqxanaya yerləşiblər. 4 uşaq atası olan Surxay Əliyev ailəsini göyərti satmaqla dolandırırmış. Həyat yoldaşı Eliza Əliyeva isə ağır əməliyyat keçirdiyindən heç yerdə işləmirmiş.

Onların üç qızı və bir oğulları var. Evin böyük qızı həyat yoldaşı rəhmətə getdiyinə görə iki azyaşlı övladı ilə birlikdə valideynlərinin yanında qalırmış.

Qonşuların dediyinə görə, övladlarının ikisini evləndirən Surxay Əliyev və xanımı mart ayında kiçik qızına toy etməyə hazırlaşırmış...

Ümumilikdə yataqxanada 30-a yaxın ev zərər çəkib. Hadisə gecə saatlarında baş verdiyi üçün sakinlərin əksəriyyəti yatıbmış. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər sakinlərin bəziləri yataq örtüyünü bir-birinə bağlayaraq, pəncərədən xilas olublar. Uşaqları da bu yolla binadan çıxarıblar.

Sakinlər bildirdilər ki, dəfələrlə müvafiq qurumlara müraciət edib, binanın yaşamaq üçün yararsız vəziyyətdə olduğunu deyiblər. Lakin illərdir ki, onların köçürülməsi yubadılır. Buna görə məcburi köçkünlər keçmiş "Qaçqınkom” sədri Əli Həsənovu günahlandırırlar.  Sakinlər deyirlər ki, ya hamı köçürülməlidir, ya da heç kim binadan çıxmayacaq. 

Qeyd edək ki, səhər saatlarında yataqxanada məskunlaşmış köçkünlər yolu bağlayaraq binadan köçürülmələrini tələb ediblər. Hadisə yerinə çoxsaylı polislər cəlb edilib və sakinlər bundan sonra yolu açıblar. 

Məcburi köçkünlərin yas mərasimlərinin keçirilməsi üçün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi tərəfindən mərasim evi təklif olunub. Lakin sakinlər bununla razılaşmayıb və bildiriblər ki, hüzr mərasimini binanın həyətində keçirəcəklər.

Yanğının səbəblərinə gəlincə isə ilkin ehtimallara görə, hadisəyə səbəb elektrik xətlərində baş verən qısa qapanma olub. Hadisə yataqxananın 3-cü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş verib. Yaşlı qadın olan Səriyyə Hacıyeva yanğın baş verən zaman yataqxananın digər otağında-oğlugildə olub. Qısa müddətdə tüstü bütün yataqxananı bürüyüb.

Ağdam rayonundan olan məcburi köçkün Arzu Həsənova bildirdi ki, bu hadisə məmur məsuliyyətsizliyinin nəticəsidir: "Çünki binanın bu vəziyyətdə olduğunu hər biri yaxşı bilirdi.  Burada ailələrin hamısı bir otaqda 7-8 nəfər yaşayır, 30-35 yaşlı övladlarımızı şərait olmadığına görə evləndirə bilmirik. Balaca otaq nəmişlikdən qızmır, buna görə elektrik sobası yandırmağa məcburuq”.

Bina təbii qazla təchiz olunmadığı üçün ailələrin hamısı elektrik enerjisindən istifadə edir. Nəticədə naqillər normadan artıq yüklənir.  Sakinlər özləri də bildirdilər ki, durumla bağlı müvafiq qurumlara dəfələrlə müraciət ediblər. Ancaq onların vəziyyəti ilə maraqlanan olmayıb.

Ağdam rayonundan olan məcburi köçkün Maya Dadaşova bildirdi ki, oğlunu təzə evləndirib. Yer olmadığı üçün otaqda pərdədən arakəsmə çəkiblər ki, oğlu ilə gəlini orada yaşasın.

Məcburi köçkün Mahirə Mahmudova bildirdi ki,  27 ildir ki, zülm çəkirlər: "Bu binada məskunlaşanlar 27 ildir ki, bu gündədirlər. Uşaqlarımızdan biri yatır, o biri isə gözləyir. Oğlumun 32 yaşı var. Yerdə yer salıram, ayağı koridora çıxır. Bizi nə vaxta qədər bu vəziyyətdə saxlayacaqlar?”

Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri də hadisə yerində olublar. Onlar binada məskunlaşanları  siyahıya alıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib ki, qurumun rəsmiləri hadisə yerində olublar: "Komitənin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerinə yollanıblar. Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb”.

Məlumatda xatırladılıb ki, Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin təmirinə başlanılıb. Təmir işlərinin çox qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirlər görülür. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti sığınacaq üçün çadırlar qurulub.

Bildirilib ki, yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

///musavat.com

Xəbər lenti