Elinanın anasından Prezidentə müraciət - Ana fəryadına biganə qalmayacağınıza əminəm!
162 nömrəli tam orta məktəbdən özünü ataraq intihar edən Elina Hacıyevanın anası Sevil Hacıyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Mynews.az lent.az-a istinadən S.Hacıyevanın dövlət başçısına ünvanladığı müraciəti təqdim edir:
Hörmətli cənab Prezident! Bildiyiniz kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü –qızım Hacıyeva Elina Ədalət qızı 04 may 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atmışdır. 06 may 2019-cu il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim etinasızlığı səbəbindən övladım vəfat etmişdir.
Nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma), 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Bakı şəhəri Prokurorluğu tərəfindən cinayət işi başlanmış və iş üzrə ibtidai istintaq aparılır.
Cənab Prezident, KİV-də yayılan məlumata görə işi birbaşa öz nəzarətinizə götürmüsünüz. Buna görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu məlumat mənə verildikdə işin obyektiv və ədalətli araşdırılacağına əminliyim yarandı. Lakin hal-hazırda istintaqın gedişatından narazıyam. Hüquqşünas olmasam da bilirəm ki, işin nəticəsi əsasən iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən asılıdır. Yalnız obyektiv ekspert rəyi övladımın ölümündə həkimlərin səhvinin olub olmaması, məktəb direktorunun vaxtında təcili tibbi yardım çağırmamasının övladımın ölümünə təsir göstərib-göstərməməsi və digər mühüm hallara aydınlıq gətirə bilər.
Onu da qeyd edim ki, mən Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən mənə ödənişsiz yardımın göstərilməsi üçün 3 vəkillə təmin edilmişəm. Vəkillərimdən ilk tələbim o oldu ki, ekspertizada müstəqil ekspert iştirak etsin. Vəkillərim də ekspertizanın tam şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə zərər çəkmiş şəxs Hacıyeva Elina Ədalət qızının intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasını keçirən ekspertlər komissiyasının tərkibinə məhkəmə-tibbi eksperti, tibb elmlər doktoru Məmmədov Vüqar Qurban oğlunun cəlb edilməsi barədə vəsatətlə Bakı şəhər Prokurorluğuna müraciət etdilər. Vəsatətdən bir neçə gün sonra vəkillərim mənə zəng edərək sevincli halda bildirdilər ki, vəsatətimiz təmin edilib.
Artıq ürəyim rahat idi ki, gəlinən nəticədən asılı olmayaraq obyektiv rəy veriləcək. Lakin 1 həftədən sonra yoldaşım Seymur bəy müstəntiqlə görüşəndə ona bildirildi ki, Vüqar Məmmədovun həmin komissiyada iştirakı zəruri deyil. Beləliklə də vəsatətimiz rədd edildi
Vəsatət indiyə qədər rəsmi formada vəkillər tərəfindən alınmamışdır. Onlara hələ ki, qərarın imzalanmamış versiyası verilib. Həmin qərarı məktuba əlavə edirəm.
Cənab Prezident! Axı nəyə görə? Hansı səbəbə görə Vüqar Məmmədov işə ekspert kimi cəlb edilmir?! Onun rəy vermək səlahiyyətini təsdiq edən sənədlər vəkillərim tərəfimdən toplanılıb və müstəntiq Emin Cəlilova təqdim edilmişdir. Mənim və vəkillərim tərəfindən təklif edilmiş və peşəkarlığına inandığımız şəxsin ekspert kimi cəlb edilməsi nəyə yaxud kimə maneəçilik törədəcəkdi?
Əksinə, əgər araşdırma nəticəsində həkim səhvinin olmaması müəyyən edilsə və bu rəy bizim təklif etdiyimiz ekspert tərəfindən də təsdiq edilsə, bu hal artıq kiminsə rəyə şübhə ilə yanaşmasının qabağını almayacaqdımı?!
Təklif etdiyimiz ekspert adi və sıravi bir həkim deyil ki, onun iştirakı lüzumsuz hesab edildi. Axı o şəxs məhkəmə-tibbi eksperti, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru, tibb elmlər doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının professoru, Dünya Tibbi Hüquq Assosiasiyasının vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti, Amerika Məhkəmə Təbabəti Assosiasiyasının fəxri üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə ekspert şurasının üzvü, dünya miqyaslı alimdir.
İstənilən halda, vəkillərimin mənə bildirdiyi kimi cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Nə səbəbə vəkillərimin verdiyi vəsatət rədd edilir, niyə dünya miqyaslı alimin o komissiyada iştirakı kimisə narahat edir? Əvvəllər ekspertizanın rəyinə şübhə ilə yanaşırdımsa, vəsatətim rədd edildiyinə görə artıq nəticənin qərəzli olacağına əminəm. Bilirəm ki, bu iş nəzarətinizdədir və işin gedişatını izləyirsiniz. Ona görə şəxsən Sizin diqqətinizə çatdırıram ki, mənim ilk və çox vacib vəsatətim rədd edilib, digərlərinə isə hələ münasibət bildirilməyib!
Sizə gedən istintaqdan narazı olduğumu bildirirəm və bu boş fikir deyil. Faktla deyirəm ki, bizim əsas vəsatətimiz rədd edilib, digərlərinə hələ münasibət yoxdur.
Hörmətli, Prezident! Xahiş edirəm ki, inandığım şəxsin həmin komissiyaya cəlb edilməsində bizə köməklik edəsiniz. Hazırda vəkillərim müstəntiqin qərarından şikayət hazırlayırlar. Lakin əminəm ki, Sizin nəzarətiniz olmasa, şikayəti də vəsatətin aqibəti gözləyir. Ana fəryadına biganə qalmayacağınıza əminəm!”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Arvadı tərəfindən qətlə yetirilən Hacının FOTOLARI 1000 dəfə oxunub
- Tağı Əhmədovun ölümündən əvvəl SON GÖRÜNTÜSÜ 587 dəfə oxunub
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib 578 dəfə oxunub
- Bakı Kənar Dairəvi yolda təhlükəli vəziyyət: ərazi nəzarətə götürüldü 562 dəfə oxunub